ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Bu gün sənin günündür, əziz qardaşım.
Ömrünün 75-ci ilini alnıaçıq, üzüağ – kişi kimi başa vuran, sevilən bu adam, publisistikasını, müxtəlif səpgili yazılarını maraqla oxuduğumuz Akif Cabbarlıdır. Şahdağın vüqarını, Türyançayın coşqunluğunu özüylə paytaxta gətirən Akif İsmayıloğlunu respublika mətbuat işçiləri sırasında demək olar ki, tanımayan yoxdur. Çox-çox illər əvvəl yaşadığı onlarla kövrək xatirələri böyük ustalıqla qələmə alaraq maraqlı hekayələr şəklində təqdim etməyi bacaran Akif müəllim 6 bədii-publisistik kitabın və bir neçə televiziya filminin ssenari müəllifidir. 150 yaşlı mətbuatımızın ağsaqqal personalarından biri, yarım əsrdən də çox çalışdığı teleradio və qəzetlərdə böyük nüfuz qazanmış, bir sıra təltif və mükafatlara layiq görülmüş Akif Cabbarlı bu gün də fəal jurnalistika ilə məşğuldur. Dilimizin keşiyində ayıq-sayıq dayanan, təvazökar insan, gözəl dost, istedadlı qələm sahibi, Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru, yazıçı-publisist Akif Cabbarlının 75 yaşı tamam olur. Ədəbi yaradıcılığa 1968-ci ildə, hələ BDU-nun jurnalistika fakültəsinin 1-ci kursunda oxuyanda başlayıb. O, bu gün də bədii yaradıcılığını uğurla davam etdirir. Qələmə aldığı hekayə və publisistik yazılar ölkə mətbuatında, saytlarda dərc olunur və oxucular tərəfindən rəğbətlə qarşılanır.
Əziz dostum, Akif Cabbarlı! Belə gözəl gündə, ömrünün müdriklik çağında sənə möhkəm can sağlığı və illərlə halallıqla yaşadığın həyat yolunda yenə də o cür inamla, mətinliklə, qətiyyətlə addımlamağı arzulayıram. Bir sözlə, özün kimi qal, dostum! Necə varsan, eləcə – alnıaçıq, üzüağ!
Mübariz Süleymanlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.