ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
“Salam, mənim adım Dr. Mamuna İqbaldır. Mən Pakistandanam. Peşəkar memar və tədqiqatçıyam”.
Bu fikirləri Bizimyol.info-ya Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində Pakistan nümayəndəsi Dr. Mamuna İqbal bildirib. O qeyd edib ki, hazırda Punjab Housing and Town Planning Authority ilə çalışır və forumda təşkilatın pavilyonunu təmsil edir.
Dr. Mamuna İqbalın sözlərinə görə, bu onun Bakıya ilk səfəridir və şəhər onda çox güclü təəssürat yaradıb: “Əvvəllər Bakı haqqında çox gözəl sözlər eşitmişdim. Amma şəhər gözləntilərimi də aşdı. Bakı həm gələcəyə yönələn, həm də öz mədəniyyətini və irsini qoruyub saxlayan şəhərdir”.
Memar bildirib ki, Bakının şəhərsalma yanaşması xüsusilə diqqətini çəkib. Onun sözlərinə görə, şəhər həm müasir göydələnlərlə inkişaf edir, həm də piyadalar üçün rahat urban məkanlar yaradır: “Burada insanlar üçün rahat ictimai məkanlar var. Şəhərin insanlara nə verdiyini memar və urbanistlər çox yaxşı anlayır”. O, həmçinin dünya şöhrətli memar Zaha Hadid tərəfindən layihələndirilən Heydar Aliyev Center barədə də danışıb.
Dr. Mamuna İqbal bildirib ki, bu bina memarlıq baxımından dünyanın ən ikonik layihələrindən biridir: “Biz Zaha Hadidin əsərlərinə baxaraq böyümüşük. Heydər Əliyev Mərkəzi onun ən möhtəşəm layihələrindən biridir. Belə binalar yalnız memarın deyil, həm də həmin ölkənin və hökumətin baxışını əks etdirir”. Pakistan nümayəndəsi forumun təşkilini də yüksək qiymətləndirib və Azərbaycan hökumətinin bu istiqamətdə uğurlu iş gördüyünü vurğulayıb. Müsahibə zamanı Pakistanın “Apni Chhat Apna Ghar” (“Öz damın, öz evin”) layihəsi barədə də məlumat verilib. Layihə çərçivəsində aztəminatlı ailələrə faizsiz kreditlər təqdim olunur.
Dr. Mamuna İqbal bildirib ki, proqram artıq milyonlarla insanın mənzil əldə etməsinə kömək edib və beynəlxalq səviyyədə innovativ model kimi qiymətləndirilir. “Apni Chhat Apna Ghar” modeli ilə bağlı araşdırma apardığını deyən pakistanlı memar qeyd edib ki, son beş ildə yaradılan yeni mənzil modelləri arasında bu proqram innovasiya baxımından birinci yerdə qərarlaşıb. Sonda o, Bakıda olmaqdan böyük məmnunluq hissi keçirdiyini bildirib və forumun beynəlxalq əməkdaşlıq baxımından mühüm platforma olduğunu vurğulayıb.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.