Mənzil siyasəti yalnız ailələrə ev açarının təqdim olunması ilə məhdudlaşmamalıdır.
APA xəbər verir ki, bunu UN-Habitatın Ərəb dövlətləri üzrə regional xoşməramlı səfiri, şahzadə Lamia bint Macid Əl Səud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, əsas məqsəd insanların iqtisadi və sosial həyata tam şəkildə inteqrasiya olunmasını təmin etməkdir.
Çıxış zamanı qeyd olunub ki, gələcək illərdə urbanizasiya daha da sürətlənəcək və bu, hökumətlərin üzərinə əlavə maliyyə yükü qoyacaq.
“2030-cu ilə qədər dünya əhalisinin 60 faizinin şəhərlərdə yaşayacağı gözlənilir. Bu halda bütün ehtiyacların yalnız hökumətlər tərəfindən qarşılanacağını gözləmək mümkündürmü? Bu, tamamilə başqa miqyasda qlobal büdcə tələb edir”, - səfir deyib.
Natiq vurğulayıb ki, insanların öz gəlirlərini qazanaraq mənzil kirayələməsi və ya ev sahibi olması üçün imkanların yaradılması daha dayanıqlı yanaşmadır:
“İnsanlara öz gəlirlərini qazanmaq, kirayə və ya mənzil alma prosesində iştirak etmək imkanı yaratdığınız zaman bu, əslində ləyaqət və sabitlik anlayışının mahiyyətidir”.
Çıxışda həmçinin mənzil layihələrinin uğurlu həyata keçirilməsi üçün üçtərəfli əməkdaşlıq modelinin vacibliyi qeyd olunub. Şahzadə bildirib ki, rəhbərlik etdiyi fond bütün layihələrdə “üçlük formulundan” istifadə edir:
“Birincisi, siyasətlərin formalaşdırılması və layihələrin dayanıqlılığı üçün hökumətlər. İkincisi, texniki çərçivəni təmin edən beynəlxalq təşkilatlar. Üçüncüsü isə innovasiya, baxış və maliyyə dəstəyi təqdim edən xeyriyyə qurumlarıdır”.
Onun sözlərinə görə, mənzil layihələri yalnız dörd divardan ibarət deyil, bütöv sosial sistemin qurulması deməkdir:
“Sonda siz sadəcə ailələrə təqdim ediləcək dörd və ya beş divar yaratmırsınız, tam bir sistem qurursunuz”.
O, mənzil siyasətinin sosial dayanıqlıq, insan ləyaqəti və inklüziv inkişaf baxımından strateji yanaşma tələb etdiyi vurğulayıb.