AZ

Serbiya ölkəmizin önəmli tərəfdaşına çevrilir

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ölkəmizin mühüm enerji tərəfdaşlarından olan Serbiya ilə iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkə arasında iqtisadi əlaqələrin əsası isə 2010-cu ilin mart ayında “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in imzalanması ilə qoyulub. 2011-ci ilin iyun ayında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaradılıb. Ötən müddətdə bu qurum ölkələrimiz arasında iqtisadi layihələrin idarə edilməsi istiqamətində mühüm rol oynayıb.

Son illər Azərbaycan–Serbiya iqtisadi əməkdaşlığının genişlənməsi fonunda iki ölkə arasında ticarət dövriyyəsi xeyli artıb. Müqayisə üçün qeyd edək ki, 2005-ci ildə ölkələrimiz arasında cəmi 39,1 min dollar həcmində idxal-ixrac əməliyyatları həyata keçirilmişdisə, ticarət və iqtisadi əməkdaşlıq haqqında sazişin icrası nəticəsində 2010-cu ildə bu rəqəm 1 milyon 784,4 min, bir il sonra isə 2 milyon 772,4 min dollara çatıb. Uğurlu iqtisadi əməkdaşlığın nəticəsi olaraq ötən il Azərbaycanla Serbiya 135 milyon dollar həcmində idxal-ixrac əməliyyatları həyata keçiriblər.

Bununla belə, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün imkanlar çoxdur. Təsadüfi deyil ki, bugünlərdə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF-13) iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Serbiya Prezidenti Aleksandar Vuçiç yerli sahibkarlarla işgüzar görüşü zamanı ölkələrimiz arasında əməkdaşlıq üçün yeni sahələrin tapılacağına əminliyini bildirib. O deyib: “Ölkələrimiz arasında dostluğun sərhədi olmadığı kimi, iqtisadi əməkdaşlığımızın da sərhədi olmamalıdır. Hesab edirəm ki, ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır və düşünürəm ki, biz buna nail ola bilərik”.

Ümumilikdə isə, son illər ölkələrimiz arasında iqtisadi əməkdaşlıq ticarət, investisiya, infrastruktur layihələri, enerji, sənaye, nəqliyyat və kənd təsərrüfatı istiqamətində uğurla davam edir. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrin əsasını təşkil edir. Elə ölkəmizin hazırda Serbiyanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verən etibarlı tərəfdaşa çevrilməsi də bunun bariz nümunəsidir. Bu istiqamətdə əməkdaşlığın əsası 2023-cü ildə qoyulub.

Xatırladaq ki, həmin il noyabrın 15-də SOCAR və “Srbijagas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında saziş imzalanıb. Müqavilə 2024-2026-cı illərdə ölkəmizdən Serbiyaya 2027-ci ildən tədarük həcminin artırılması imkanı ilə ildə 400 milyon kubmetrədək qaz tədarükünü nəzərdə tutur. Azərbaycan qazının Serbiyaya ixracı isə 2024-cü ilin fevralında başlayıb. Həmin il Serbiyaya 12 milyon 984 ABŞ dolları dəyərində 35 milyon 352 min kubmetr qaz tədarük edilib.

İki ölkənin maliyyə nazirliklərinin, Serbiyanın İnkişaf Agentliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən görüşdə rəsmi şəxslər, yerli müəssisə, şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər. Görüşdə çıxış edən maliyyə naziri, Azərbaycan–Serbiya ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, əməkdaşlığın dövlət başçılarının güclü siyasi iradəsi və dialoqu əsasında dinamik şəkildə inkişaf etdiyini bildirib.

Nazir daha sonra deyib ki, 2024-cü ilin yanvarından Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və Niş şəhərində birgə qazla işləyən elektrik stansiyası layihəsinin icrası enerji əməkdaşlığının artıq real nəticələr mərhələsinə keçdiyini nümayiş etdirir. Azərbaycan–Serbiya iqtisadi əməkdaşlığı təkcə enerji sahəsi ilə məhdudlaşmır, ölkələr arasında yaranmış qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoq nəticəsində infrastruktur, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm və investisiya kimi sahələrdə geniş və real əməkdaşlıq imkanları formalaşıb.

Görüşdə Azərbaycanın əlverişli investisiya mühiti, makroiqtisadi sabitliyi, strateji coğrafi mövqeyi və müasir nəqliyyat-enerji infrastrukturu sayəsində regionda mühüm ticarət və investisiya mərkəzi kimi mövqeyini daha da gücləndirdiyi dədiqqətə çatdırılıb. Qeyd olunub ki, “AzVirt”in Serbiyada həyata keçirdiyi iri infrastruktur layihələri Azərbaycan şirkətlərinin beynəlxalq bazarlarda iştirakını nümayiş etdirən mühüm nümunələrdəndir.

Bundan əlavə, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə həyata keçirilən birgə layihələr, “yaşıl” enerji, infrastrukturun inkişafı və sənaye sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunduğu diqqətə çatdırılıb. Nazir əlavə edib ki, turizm sahəsi tərəflər arasında yeni əməkdaşlıq istiqaməti kimi formalaşır və bu sahədə Serbiya tərəfinin Azərbaycan şirkətləri ilə birgə layihələrə maraq göstərməsi praktiki imkanları daha da genişləndirir.

Serbiya–Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edən Prezident Aleksandar Vuçiç iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, qarşılıqlı investisiyaların təşviqinin və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirən A.Vuçiç turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Serbiya Prezidenti, həmçinin enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin önəmini vurğulayıb. Hazırda SOCAR ilə “Serbiagas” arasında yeni qaz elektrik stansiyasının inşası üzrə əməkdaşlıq perspektivlərinin nəzərdən keçirildiyini diqqətə çatdıran A.Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa dəvət edib. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortu, eləcə də kənd təsərrüfatı məhsulları sahələrində geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib.

Serbiya Baş nazirinin birinci müavini və maliyyə naziri Sinişa Mali isə ölkəsinin investisiya mühiti, iqtisadi inkişaf prioritetləri və Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb. O, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə biznes təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib.

Serbiyanın İnkişaf Agentliyinin strateji investisiyalar departamentinin direktoru Vladimir Tomiç Serbiyada xarici investorlar üçün mövcud dəstək mexanizmləri barədə məlumat verib. Bildirilib ki, Serbiya bazarı Azərbaycan şirkətləri üçün müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları təqdim edir.

Görüş çərçivəsində şirkət və assosiasiyaların təqdimatları keçirilib, onların fəaliyyət istiqamətləri, ixrac və investisiya potensialı, Serbiya tərəfi ilə mümkün əməkdaşlıq sahələri barədə məlumat verilib. Görüş Azərbaycan–Serbiya iqtisadi əlaqələrinin daha da genişləndirilməsi, biznes dairələri arasında praktiki əməkdaşlığın təşviqi və qarşılıqlı faydalı layihələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Mirbağır YAQUBZADƏXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
11
xalqqazeti.az

10Mənbələr