AZ

Aygün Əliyeva: Azərbaycan inklüziv şəhər istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir

BAKI, 19 may. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, dünyada təxminən 1,3 milyard insan, yəni hər altı nəfərdən biri əlilliklə yaşayır. Bu rəqəm bir daha təsdiqləyir ki, inklüziv şəhər siyasətləri qlobal prioritetdir.

Teleqraf xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” mövzusunda keçirilən iclasda deyib.

O qeyd edib ki, inklüziv şəhər anlayışı yalnız fiziki infrastrukturla məhdudlaşmır:

“Bu anlayış həmçinin əlçatan nəqliyyat sistemlərini, maneəsiz ictimai məkanları, görmə və eşitmə məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılmış informasiya mühitini, eləcə də rəqəmsal xidmətlərə bərabər çıxışı əhatə edir.

Nəticə etibarilə, belə yanaşma bütün vətəndaşların şəhər həyatında tam və səmərəli iştirakını təmin edir. Azərbaycan da bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Son illərdə ictimai infrastrukturun əlçatanlığının artırılması, sosial xidmətlərin daha inklüziv hala gətirilməsi və şəhər mühitinin müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan işarət dilinin tanınması və sosial müdafiə sistemi çərçivəsində həyata keçirilən islahatlar dövlətin bu sahəyə sistemli yanaşmasını nümayiş etdirir”.

A.Əliyeva əlavə edib ki, müasir dövrdə şəhər inkişafının keyfiyyətini müəyyən edən əsas göstəricilərdən biri onun inklüzivlik səviyyəsidir:

“Yəni hər bir fərd üçün bərabər imkanların və maneəsiz mühitin təmin edilməsidir. İnklüzivlik cəmiyyətin bütün üzvlərinin, xüsusilə həssas qrupların sosial, iqtisadi və ictimai proseslərdə bərabər hüquq və imkanlarla iştirakını təmin edən fundamental prinsip kimi çıxış edir.

İnklüziv cəmiyyətin formalaşmasında vətəndaş cəmiyyəti institutlarının iştirakı xüsusi əhəmiyyət daşıyır. Qeyri-hökumət təşkilatları və ictimai təşəbbüs qrupları əlilliyi olan şəxslərin, gənclərin, qadınların, yaşlıların və digər həssas qrupların hüquqlarının qorunmasına yönəlmiş mühüm layihələr həyata keçirir, eyni zamanda ictimai iştirakçılığı və bərabər imkanları təşviq edirlər. Maarifləndirmə kampaniyaları, inklüziv təhsil və məşğulluq proqramları, əlçatan mühitin təşviqi, sosial inteqrasiya təşəbbüsləri və ictimai nəzarət mexanizmləri vasitəsilə bu təşkilatlar dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır. Bununla yanaşı, könüllülük fəaliyyəti, ictimai dialoq platformaları, gənclərin və yerli icmaların qərarvermə proseslərinə cəlb olunması inklüziv inkişafın daha dayanıqlı və iştirakçı modelini gücləndirir”.

Seçilən
8
1
teleqraf.com

3Mənbələr