Kremlə yaxın mənbələr Rusiyanın Kiyev və Odessa daxil olmaqla daha geniş geosiyasi ambisiyalar planlaya biləcəyini iddia edir...
Poliqon xəbər verir ki, Financial Times nəşri Kreml daxilindəki müzakirələrə yaxın mənbələrə istinadən Rusiya prezidenti Vladimir Putinın Ukrayna ilə müharibədə daha geniş ərazi məqsədlərini nəzərdən keçirə biləcəyini yazıb.
Məlumata görə, Rusiya rəhbərliyinin mümkün hədəfləri yalnız mövcud cəbhə xətti ilə məhdudlaşmır və Moskva Ukraynanın müqavimətinin zamanla zəifləyəcəyinə dair hesablamalar aparır. Mənbələr iddia edir ki, Rusiya tərəfi hazırda əsas diqqəti Donbas bölgəsinin tam nəzarətə götürülməsinə yönəltsə də, daxili müzakirələrdə daha geniş coğrafi iddialar da gündəmə gələ bilər.
FT yazır ki, Kreml daxilindəki bəzi müzakirələr Ukraynanın mərkəzi və cənub bölgələrini, o cümlədən strateji əhəmiyyətə malik əraziləri və Qara dənizə çıxış imkanlarını əhatə edən ssenariləri də nəzərdə tuta bilər. Bu çərçivədə Kiyev və Odessa kimi mühüm şəhərlərin potensial hədəf kimi qiymətləndirildiyi iddia olunur.
Nəşrə danışan və danışıqlarda iştirak etdiyi bildirilən iki mənbənin sözlərinə görə, Rusiyanın “həqiqi ambisiyası” Ukrayna üzərində Dnepr çayına qədər uzanan geniş nəzarət zonasının formalaşdırılması ola bilər. Bu ssenari Kiyev və Odessa kimi strateji mərkəzlərin də daxil edilməsini nəzərdə tutur.
Məlumatda qeyd olunur ki, Rusiya hərbi əməliyyatlarının tempinin nisbətən ləng olmasına baxmayaraq, Kreml Ukrayna ordusunun uzunmüddətli təzyiq altında zəifləyəcəyinə və atəşkəs şərtlərinin zamanla daha sərt formaya keçəcəyinə ümid edir.
“Financial Times”ın iddiasına görə, əgər Moskva Donbas üzərində tam nəzarət əldə etsə, gələcək mərhələdə yeni ərazi tələblərinin irəli sürülməsi ehtimalı da istisna edilmir.
Poliqon.info