AZ

WUF13 Azərbaycanın uğurlarının dünyaya təqdim olunduğu qlobal tribunadır - ŞƏRH

Bakı, 18 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, müasir inkişaf strategiyasının və şəhərsalma sahəsində qazandığı uğurların mühüm göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, WUF13-ə beynəlxalq ictimaiyyətin maraq son dərəcə böyükdür və bunu qeydiyyatdan keçmiş iştirakçıların sayının rekord həddə olması sübut edir: "Prezident İlham Əliyev WUF13-ün rəsmi açılış mərasimində çıxışında da bu məsələyə xüsusi toxunaraq qeyd etdi ki, artıq 182 ölkədən 45 mindən çox iştirakçı forumda qeydiyyatdan keçib. Bu statistika təkcə forumun beynəlxalq miqyasını deyil, eyni zamanda Azərbaycanın qlobal platforma kimi artan nüfuzunu və beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadını nümayiş etdirir. Bu qədər geniş coğrafiyanı əhatə edən iştirakçı tərkibi Bakının artıq dünyanın mühüm siyasi, iqtisadi və humanitar dialoq mərkəzlərindən birinə çevrildiyini bir daha təsdiqləyir”.

Deputat bildirib ki, WUF13 təxminən il yarım əvvəl Bakının ev sahibliyi etdiyi COP29-dan sonra Azərbaycanda keçirilən növbəti ən mühüm qlobal platformadır: “Bu fakt bir daha göstərir ki, Azərbaycan artıq beynəlxalq diplomatiya, qlobal inkişaf gündəliyi və strateji müzakirələrin aparıldığı etibarlı məkan kimi dünyanın diqqət mərkəzindədir. Əgər COP29 daha çox iqlim dəyişiklikləri, yaşıl enerji və ekoloji təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyırdısa, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası urbanizasiya, dayanıqlı şəhər inkişafı, postmünaqişə bərpası və müasir şəhərsalma modellərinin gələcəyinə dair qlobal baxışların formalaşdırıldığı mühüm beynəlxalq platforma kimi xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı tədbirin açılış mərasimindəki çıxışında onu da vurğuladı ki, Azərbaycanı ilk dəfə ziyarət edən qonaqlar Azərbaycanı daha yaxından tanımaq və ölkədə şəhərsalma sahəsində görülən işləri öz gözləri ilə görmək imkanı əldə edəcəklər. Bu baxımdan da WUF13 yalnız beynəlxalq müzakirə platforması deyil, həm də Azərbaycanın uğurlarının dünyaya təqdim olunduğu mühüm qlobal tribuna rolunu oynayır”.

Parlamentari söyləyib ki, Prezident İlham Əliyev tədbirin açılış mərasimindəki işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, orada insanların məşğulluğu məsələsinə xüsusi toxunub: “Prezident bildirdi ki, bu gün artıq 85 mindən çox azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə yaşayır. Bu, illərlə həsrətində olduqları yurda qovuşan insanların taleyi, dövlətin öz vətəndaşına verdiyi sözə sədaqəti və Böyük Qayıdış proqramının real nəticəsidir. Ermənistan tərəfindən otuz ilə yaxın müddətdə viran qoyulmuş, yerlə-yeksan edilmiş, tarixi və dini abidələri vandalizmə məruz qalmış torpaqlarımızda bu gün həyat yenidən doğulur. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə yalnız dağıdılmış infrastrukturu bərpa etmir, eyni zamanda tamamilə yeni inkişaf və yaşayış modeli formalaşdırır. Müasir şəhərsalma prinsipləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji infrastrukturu, rəqəmsal idarəetmə sistemi və sosial rifah layihələri bu bölgələri gələcəyin ən modern yaşayış məkanlarından birinə çevirməkdədir. İnsanların məşğulluğunun təmin olunması da hökumətin qarşısında duran əsas vəzifələrdəndir. Çünki dayanıqlı qayıdış yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. İnsanlar öz doğma yurdlarında işləməli, istehsal yaratmalı, iqtisadi və sosial həyata tam şəkildə inteqrasiya olunmalıdırlar. Bu məqsədlə yaradılan sənaye zonaları, aqrar parklar, logistika mərkəzləri və yeni iqtisadi layihələr Qarabağ və Şərqi Zəngəzurun yaxın illərdə regionun mühüm iqtisadi məkanlarından birinə çevriləcəyini göstərir”.

Seçilən
1
8
azertag.az

10Mənbələr