Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Taksilər də ictimai nəqliyyat növüdür. Onların narazı olduqları əsas məsələ ondan ibarətdir ki, ikinci zolaqda sərnişin endirib-mindirdiklərinə görə həm pul cəriməsi, həm də cərimə balı tətbiq olunur və bunu doğru hesab etmirəm. Avropada bunun nümunələri var. Orada əgər yolun sağ hissəsi velosiped zolağıdırsa və ya parkinq zolağıdırsa, taksilər ikinci zolaqda sərnişin endirib-mindirə bilir və buna görə nə cərimə balı, nə də pul cəriməsi tətbiq olunur".
Bu fikirləri Redaktor.az-a danışan yol hərəkəti təhlükəsizliyi mütəxəssisi, təlimçi Arzu Kürsüm Babazadə bildirdi. Müsahibimiz vurğuladı ki, Azərbaycanda da taksi sürücüləri üçün belə şəraitin yaradılması arzuolunandır:
"Çünki onlardan tələb olunan bütün şərtləri yerinə yetiriblər, tanınma nişanı, sertifikasiya, videoqeydiyyat, avtomobilin rəngi və digər tələblər. Bütün bunları təmin ediblər və xərclər çəkiblər. Buna baxmayaraq, bir çoxunun sürücülük hüququ sərnişin endirib-mindirməyə görə məhdudlaşdırılıb. Bu şəraitin onlar üçün yaradılması zəruridir, çünki bu artıq insanların çarəsizliyindən irəli gəlir. Bu məsələ yalnız taksi sürücülərinə aid deyil. Sərnişin endirib-mindirmə ilə bağlı cərimələnmə məsələsi ümumidir. Bu zaman cərimə tətbiq olunsa belə, bəlkə də cərimə balı tətbiq edilməməlidir".
Ekspert həmçinin əlavə etdi ki, piyadalar üçün də şərait yaradılmalıdır və sürücülər olaraq bu şəraiti məhdudlaşdıra bilmərik:
"Səkilərdə nəqliyyat vasitələrinin saxlanmasına görə həm cərimə balı, həm də pul cəriməsi tətbiq olunmasını doğru hesab edirəm. Bu olmalıdır, çünki piyadalar da yol hərəkəti iştirakçılarıdır və ən müdafiəsiz iştirakçılardır. Onların təhlükəsizliyi nəzərə alınmalıdır və bu yanaşma ilə tam razıyam. Səki olan və piyada hərəkət edən yerə avtomobili gətirib burada saxlayanda həm cərimə balı, həm də pul cəriməsi tətbiq olunur. Halbuki bu, piyadaya mane olmur. Bəzi yerlər artıq səki sayılmır. Səkinin standartı var. Səki yol hissəsindən müəyyən hündürlüklə ayrılmalıdır. Əgər bu hündürlük yoxdursa, orada tətbiq olunan cərimə qanunsuz sayılır. Buradan aidiyyəti qurumlara da müraciət edirəm ki, səkilər, velosiped zolaqları və avtobus zolaqları çəkilərkən məsafələr düzgün hesablanmalıdır. Avropada bu var və bizdə də tətbiqi müsbət haldır. Amma şərait və ölçülər düzgün planlaşdırılmalıdır. Məsələn, geniş bir ərazi var və bu sahəni düzgün dəyərləndirib parkinq kimi istifadə etmək, eyni zamanda velosiped zolağı saxlamaq və nəqliyyat sıxlığının qarşısını almaq mümkündür. Bunun üçün düzgün hesablama aparılmalıdır".
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.