AZ

Məktəblər onlayn rejimə keçdi - rəqəmsal hazırlıq yetərlidirmi?

Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi ilə əlaqədar olaraq, paytaxtın bir sıra rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris prosesi müvəqqəti olaraq distant formata keçirilib. Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərindəki məktəblərin V-XI sinifləri üzrə dərslər 18-22 may tarixlərində onlayn qaydada təşkil olunur.

Təhsil müəssisələrində distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən keçirilir. Distant təhsilə qoşulanların bir qismi dərslərin normal qaydada davam etdiyini bildirsə də, bəzi şagird və valideynlər internet bağlantısında yaranan problemlərdən, tez-tez baş verən kəsintilərdən narazılıq edirlər.
Bəs bu vəziyyət Azərbaycanın distant təhsil sisteminin real hazırlıq səviyyəsini hansı dərəcədə ortaya qoyur?

WhatsApp

Dosent İlham Əhmədov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Ölkənin təhsil sisteminin distant təhsilə hazırlığı” dedikdə dövlətin, təhsil müəssisələrinin, müəllimlərin, tələbələrin, texnoloji infrastrukturun, hüquqi bazanın və idarəetmə sisteminin rəqəmsal təhsil modelini effektiv şəkildə təşkil edə bilmə potensialı nəzərdə tutulur. Bu anlayış yalnız kompüterlərin mövcudluğu, internet bağlantısı və ya LMS platformalarının alınması ilə məhdudlaşmır. Müasir distant təhsil milli rəqəmsal ekosistem, vahid təhsil platforması, “learning analytics”, süni intellekt əsaslı idarəetmə və rəqəmsal kompetensiyalar üzərində qurulmalıdır. Distant təhsilin əsasını güclü milli rəqəmsal infrastruktur təşkil edir. Buraya genişzolaqlı internet, regionlarda internet əlçatanlığı, data mərkəzləri, “cloud” texnologiyaları, server sistemləri və kibertəhlükəsizlik infrastrukturu daxildir. Bir çox ölkələrdə əsas problem texnologiyanın olmaması deyil, onun qeyri-bərabər paylanmasıdır.

Təhsil müəssisələri LMS sistemlərinə, videokonfrans platformalarına, rəqəmsal kitabxanalara, virtual laboratoriyalara və elektron qiymətləndirmə sistemlərinə malik olmalıdır. Əgər distant təhsil yalnız videodərslərlə məhdudlaşırsa, bunu sistemli distant təhsil hesab etmək olmaz”.

Müsahibimiz qeyd edir ki, ən kritik məsələlərdən biri müəllim hazırlığıdır: “Müəllim rəqəmsal pedaqogikanı bilməli, interaktiv dərs dizayn etməli, distant qiymətləndirmə aparmalı və süni intellekt əsaslı platformalardan istifadə etməyi bacarmalıdır. Pandemiya dövrü göstərdi ki, bir çox ölkələrdə əsas problem texnologiyanın özü deyil, müəllimlərin bu texnologiyalara hazırlıq səviyyəsidir.

Təhsilalanların rəqəmsal savadlılığı, internetə çıxışı, özünüidarəetmə bacarıqları və distant öyrənmə kompetensiyaları da distant təhsilin effektivliyinə birbaşa təsir edir.

Ən ciddi problemlərdən biri “digital divide” — rəqəmsal uçurumdur. Şəhərlərlə regionlar arasında internet keyfiyyəti, cihaz təminatı və texnoloji imkanlar fərqləndikdə distant təhsil sosial bərabərsizliyi daha da artırır. Distant təhsil sistemli strategiya, milli standartlar, normativ baza və monitorinq mexanizmləri tələb edir. Əgər dövlət distant təhsili müvəqqəti layihə kimi qəbul edirsə, sistem dayanıqlı inkişaf edə bilməz.

Bundan əlavə, distant təhsil şəxsi məlumatların qorunması, akademik dürüstlük, müəllif hüquqları və süni intellekt etikası kimi yeni problemlər yaradır. Bu səbəbdən güclü hüquqi baza xüsusi əhəmiyyət daşıyır”.

Dosentin sözlərinə görə, distant təhsilə hazırlığın diaqnostikasının əsas məqsədi təhsil sisteminin real hazırlıq səviyyəsini müəyyən etmək, zəif istiqamətləri aşkar etmək, riskləri proqnozlaşdırmaq və strateji inkişaf planı hazırlamaqdır: “Diaqnostika olmadan rəqəmsallaşma formal xarakter daşıyır, investisiyalar səmərəsiz olur və distant təhsilin keyfiyyəti aşağı düşür. Texnoloji meyarlar sırasında internet əlçatanlığı, server imkanları, platformaların dayanıqlılığı və kibertəhlükəsizlik qeyd edilməlidir. Pedaqoji meyarlar kimi distant kurikulum, rəqəmsal metodika, müəllim hazırlığı və qiymətləndirmə sistemi xüsusi əhəmiyyət daşıyır. İdarəetmə meyarlarına milli strategiya, “learning analytics”, data əsaslı qərarvermə və monitorinq sistemi daxildir. Sosial meyarlar sırasında rəqəmsal bərabərlik, regionlararası fərqlər və inklüzivlik dayanır. İnsan resursları baxımından isə müəllim səriştələri, texniki dəstək heyəti və kontent müəlliflərinin hazırlığı əsas göstəricilər hesab olunur.

Diaqnostik proses çərçivəsində ilk növbədə milli rəqəmsal audit aparılmalıdır. Bu zaman ölkənin internet infrastrukturu, təhsil platformaları və server imkanları təhlil edilir. Daha sonra məktəb və universitetlərin texnoloji hazırlığı, distant təhsil imkanları və LMS istifadəsi qiymətləndirilməlidir.

Müəllimlər, tələbələr və valideynlər arasında sorğular və müsahibələr aparılaraq problemlər, ehtiyaclar və hazırlıq səviyyəsi araşdırılmalıdır”.

İlham Əhmədov onu da əlavə edib ki, müasir distant təhsil artıq data əsaslı idarə olunur: ““Learning analytics” tələbə davranışlarını, müəllim fəaliyyətini və akademik riskləri analiz edir. Süni intellekt sistemləri fərdi öyrənmə trayektoriyası qurur, uğursuzluq riskini proqnozlaşdırır və avtomatik tövsiyələr verir. Bu artıq “smart education” modelidir.

Məsafədən təhsilin hazırlıq səviyyələri də fərqlidir. Elementar səviyyədə videodərslər, fayl paylaşımı və formal LMS istifadəsi mövcuddur. İnkişaf etmiş səviyyədə rəqəmsal kurslar, müəllim hazırlığı və elektron qiymətləndirmə sistemi formalaşır. Sistemli səviyyədə təhsil analitikası, virtual laboratoriyalar və data əsaslı idarəetmə tətbiq edilir. Ən yüksək mərhələ isə süni intellekt tutorları, adaptiv təhsil, milli rəqəmsal ekosistem və fərdiləşdirilmiş öyrənmə sistemlərini əhatə edən “smart” təhsil modelidir.

Azərbaycanda bu sahədə hələ də ciddi problemlər qalmaqdadır. Regionlarda internet keyfiyyəti, cihaz təminatı və texnoloji imkanlar bərabər deyil. Bir çox hallarda distant təhsil sadəcə videodərslər və PDF paylaşımı ilə məhdudlaşır. Ən böyük problemlərdən biri rəqəmsal pedaqogikanın zəif olmasıdır. Eyni zamanda bir çox təhsil müəssisəsində təhsil analitikası sistemləri mövcud deyil, LMS məlumatlarından istifadə olunmur və data əsaslı idarəetmə tətbiq edilmir. Milli platformaların parçalanmış vəziyyətdə olması isə inteqrasiyanı çətinləşdirir və məlumat axınını zəiflədir.

Bu səbəbdən milli diaqnostik modelin formalaşdırılması vacibdir. İlk mərhələdə ölkənin internet infrastrukturu, təhsil platformaları və regionlararası fərqlər təhlil edilməlidir. Sonrakı mərhələdə müəllim və tələbələrin rəqəmsal səriştələri, distant təhsil hazırlığı qiymətləndirilməlidir. Daha sonra milli səviyyədə təhsil məlumatları, performans göstəriciləri və risk faktorları təhlil edilməlidir. Nəhayət, süni intellekt əsaslı monitorinq sistemləri vasitəsilə akademik risklər, uğursuzluq ehtimalları və distant təhsilin keyfiyyəti qiymətləndirilməlidir”.

Dosent qeyd edib ki, ölkənin təhsil sisteminin distant təhsilə hazırlığının diaqnostikası müasir dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir: “Tədqiqatlar göstərir ki, distant təhsilin səmərəliliyi yalnız texnologiyalardan deyil, bütövlükdə təhsil ekosisteminin rəqəmsal transformasiya səviyyəsindən asılıdır. Müasir təhsil sistemi data əsaslı idarəetmə, təlim analitikası, süni intellekt inteqrasiyası, rəqəmsal pedaqogika və milli rəqəmsal platformalar üzərində qurulmalıdır.

Azərbaycan üçün əsas vəzifə distant təhsili müvəqqəti həll yolu kimi deyil, gələcəyin təhsil modelinin əsas elementi kimi qəbul etməkdir. Yalnız bu halda təhsilin əlçatanlığı artar, regionlararası fərqlər azalar, insan kapitalı güclənər və ölkənin qlobal rəqabət qabiliyyəti yüksələr. Bir sözlə, gələcəyin uğurlu təhsil sistemi yalnız rəqəmsal texnologiyalara malik olan deyil, həmin texnologiyalardan strateji, pedaqoji və idarəetmə baxımından effektiv istifadə edə bilən sistem olacaqdır”.

Afaq Mirayiq,
Musavat.com

 

Seçilən
33
musavat.com

1Mənbələr