AZ

Pezeşkiyan: “Heç bir qüvvəyə boyun əyməyəcəyik, amma şərəflə danışacağıq”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkiyan Tehranda Dövlət İctimaiyyətlə Əlaqələr Toplantısında çıxış edərək ölkənin şərəfinin şəxsi rahatlıq və dünyavi maraqlar üçün qurban verilməyəcəyini, lakin dövlətin ağıllı idarə olunmasının vacib olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, cəmiyyətlə dürüst və açıq danışmaq lazımdır: “Yanlış məlumatlar və təhrif olunmuş mesajlar əsassızdır. Həm biz, həm də düşmən problemlərlə üzləşirik. Biz boyun əyməyəcəyik və heç bir qüvvəyə tabe olmayacağıq”, - deyə Prezident qeyd edib.

Prezident həmrəylik və birlik mövzusuna da diqqət çəkərək bildirib ki, düşmən ölkəni bomba və raketlərlə ələ keçirə bilməz, amma içimizdəki parçalanma və qarşıdurma təhlükəlidir. “Birliyimizi qorumaq və düşmənin hiyləsini boşa çıxarmaq bizim vəzifəmizdir,” – deyə o əlavə edib.

Pezeşkiyan, bəzi qrupların “danışmayacağıq, müzakirə etməyəcəyik” şüarlarına da cavab verərək qeyd edib: “Biz şərəflə danışacağıq və heç vaxt geri çəkilməyəcəyik. Şüarlarla deyil, məntiq və əməli addımlarla cavab əldə etmək mümkündür. Haklarımızı xalqın dəstəyi ilə qoruyacağıq”, - deyə bildirib.

O, ölkədə enerji istehlakının böyük olduğunu və qənaət tədbirlərinin zəruriliyini vurğulayıb: “Avropadan üç dəfə çox elektrik və qaz istifadə edirik. Qaydaları pozmasaq, kəsinti olmayacaq, amma davam etsə, yaz və qışda problemlər yaranacaq”, - deyə əlavə edib.

Prezident həmçinin bildirib ki, hər kəs ölkənin şərəfi üçün məsuliyyət daşıyır və hər bir fərd bacarığı və səviyyəsinə görə ölkəyə xidmət edə bilər. “Məmurlara geniş səlahiyyət verdik ki, problemləri həll etsinlər və cavabdeh olsunlar”, – deyə Pezeşkiyan qeyd edib.

O çıxışını: “Əsas məqsədimiz xalqın və dövlətin hüquqlarını qorumaq, dürüst davranmaq, birlik və həmrəyliyi möhkəmlətməkdir. Hər kəs imkan daxilində ölkənin şərəfi üçün rol oynayacaq və biz onların qarşısında maneələri aradan qaldıracağıq”, - deyə yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
icma.az

1Mənbələr