BAKI, 18 may. TELEQRAF
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatıb.
Bu barədə Teleqraf-a Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə milli sərvətimiz olan Qarabağ atlarının qorunması və dünya miqyasında tanınması istiqamətində mühüm işlər görülmüş, əhəmiyyətli addımlar atılmışdır.
Görülmüş məqsədyönlü tədbirlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca əhəmiyyətli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycanın layiqincə tanıdılmasıdır.
Hər il geniş tərkibli nümayəndə heyətinin təqdim etdiyi bənzərsiz şou-proqramlar və performanslar “Vindzor Kral Atçılıq Şousu”nun əvəzolunmaz tərkib hissəsinə çevrilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil etmiş, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarmış, onların marağına səbəb olmuşlar.
Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının enerji dolu rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçısının rəğbətini qazanmışdır.
Tədbirin ilk günündən ardıcıl olaraq 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilmişdir.
“Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizin zəngin mədəniyyətini əks etdirən sənət nümunələri təqdim edilmiş, Heydər Əliyev Fondunun təşkil etdiyi və maraqla qarşılanan Azərbaycan pavilyonu barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və əsrlər boyu formalaşmış yüksək sənət ənənələrinin ifadəsi kimi Şirvan xalçası və Faik Hacıyevin əsəri olan “Dilbaz atı üzərində Azərbaycan döyüşçüsü” heykəli hədiyyə edilmişdir.
Tədbirin yekununda “Land of Fire – Azerbaijan” polo komandasının Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo komandası ilə dostluq görüşü keçirilmiş və görüş təmsilçimizin 7-5 hesablı qələbəsi ilə başa çatmışdır.