Bakı, 18 may, AZƏRTAC
Hər kəs üçün əlçatan, təhlükəsiz və layiqli mənzil təminatı fundamental insan hüququdur. Bu, ləyaqətin, sağlamlığın, təhlükəsizliyin və imkanların təməlidir. Lakin, bu gün həmin təməl hələ də həddindən artıq çox insan üçün əlçatmaz olaraq qalır; 1,1 milyarddan çox insan hələ də qeyri-rəsmi qəsəbələrdə və ya gecəqondularda yaşayır, 300 milyondan çox insan isə evsizdir. Bunun fəsadları yalnız mənzillə məhdudlaşmır, daha geniş miqyasa yayılır. Təhlükəsiz mənzil olmadıqda sağlamlıq pisləşir, təhsil pozulur, təhlükəsizlik hissi zəifləyir, bərabərsizlik dərinləşir və icmalar iqlim şoklarına və fəlakətlərə qarşı daha aciz olurlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının prezidenti Annalena Berbok Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılışındakı videomüraciətində deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası mühüm bir məqama təsadüf edir. Bu, mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək və eyni zamanda, bu işi dayanıqlı urbanizasiyanın daha geniş çağırışları ilə əlaqələndirmək üçün bir imkan yaradır. Gəlin dürüst olaq: bu miqyasda bir böhranın sadə həlli yoxdur. Daha çox ev tikmək vacibdir, lakin bu, təkbaşına kifayət etməyəcək. Mənzil təminatını infrastruktur, əsas xidmətlər, iqlimə dözümlülük, maliyyələşdirmə və inklüziv planlaşdırma ilə əlaqələndirilən sistemli yanaşmaya ehtiyac var. Belə bir yanaşma həm də geniş iştirakçılıqdan asılıdır, çünki dayanıqlı şəhər inklüzivliyini və inkişafını təkcə hökumətlər təmin edə bilməz. Bu, yerli hakimiyyət orqanlarının, icmaların, vətəndaş cəmiyyətinin, özəl sektorun, ekspertlərin, eləcə də sakinlərin özlərinin yaşadıqları şəhərlərin formalaşmasına kömək etməsini tələb edir.