AZ

QHT-lər artıq 2-ci dərəcəli aktorlar deyillər

"May ayının 17-də Bakıda başlayan Ümumdünya Şəhərsalma Forumu (WUF13) hazırda böyük maraq və həyəcanla davam edir. Forumun ilk günündə, yəni mayın 17-də iştirakçıların sayı 21 108 nəfər təşkil edib. Tədbirdə qlobal su məsələləri, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf mövzuları geniş müzakirə olunur. Möhtəşəm Olimpiya İdman Kompleksində keçirilən forumda təşkil edilən "Urban Expo" (Şəhərsalma Sərgisi) iştirakçıların geniş marağına səbəb olmuşdur".

Bu fikirləri “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Elmira Mehdiyeva QHT.az-a açıqlamasında bildirib.

Elmira Mehdiyeva bildirib ki, sərgi beynəlxalq miqyasda geniş təmsilçilik və yüksək təşkilatçılıq səviyyəsi ilə seçilir: Sərginin ümumi sahəsi təxminən 35 000 kvadratmetrdir. Ümumilikdə 85 ölkədən 260 təşkilat 122 stend və pavilyonda təmsil olunur. Rəsmi məlumatlara əsasən, tərəfdaş növünə görə təşkilatlara nəzər saldıqda, onlardan 15-i akademiya və tədqiqat müəssisələri, ən böyük sayda – 136-sı vətəndaş cəmiyyəti nümayəndələri, 44-ü özəl sektor (o cümlədən 14 startap), milli hökumətlərə aid 41 pavilyon, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsidir.

Sədr vurğulayıb ki, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf WUF13-ün əsas prioritet müzakirə istiqamətlərindəndir: İqlim dəyişiklikləri bu gün bəşəriyyəti narahat edən ən mühüm məsələlərdən biridir. Ona görə də WUF13-də əsas prioritetlər kimi istixana qazlarının azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı, adaptasiya tədbirləri, su və ərzaq təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və ekosistemlərin qorunması istiqamətləri müzakirə olunur. Məsələn, karbon emissiyalarının minimuma endirilməsi əsas məqsədlərdəndir. Bu, qlobal istiləşmənin sürətini azaltmağa kömək edir. Günəş, külək və su enerjisindən istifadənin artırılması fosil yanacaqlardan asılılığın azaldılması üçün vacib sayılır.

E.Mehdiyevanın sözlərinə görə, Azərbaycan QHT-ləri beynəlxalq platformalarda fəal iştirak edərək dialoqun və əməkdaşlığın güclənməsinə töhfə verir: Azərbaycan QHT-ləri hələ COP29 zamanı dialoqun təşviqi, tərəfdaşlıqların gücləndirilməsi və Qlobal Cənub icmalarının səsinin daha güclü şəkildə çatdırılması istiqamətində fəal rol oynayıb. Onlar bu missiyanı WUF13-də də uğurla davam etdirirlər. WUF13 ərəfəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən iki mühüm beynəlxalq forum da buna bariz nümunədir.

Elmira Mehdiyeva bildirib ki, Qlobal Cənub QHT Platforması çərçivəsində keçirilən tədbirlər əməkdaşlıq və strateji dialoqun gücləndirilməsinə xidmət edir: 2026-cı il mayın 14-də Bakıda, Gülüstan sarayında keçirilən Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) Baş Assambleyası çərçivəsində “Bakı Şəhərsalma Həftəsi: inklüziv inkişaf və dayanıqlı şəhər modelləri – Qlobal Cənub təcrübəsi” mövzusunda sessiya və “Qlobal Cənub: mövqelərin uzlaşdırılması və strateji əməkdaşlıq” adlı panel müzakirəsi bunu göstərir. Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev GSNP Baş Assambleyasındakı çıxışında GSNP-ni COP29-un qalıcı və davamlı irsi kimi qiymətləndirib və onun fəaliyyətini yüksək dəyərləndirib.

Sədr vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində QHT əməkdaşlığı regional həmrəyliyi gücləndirir: Mayın 16-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.

Elmira Mehdiyeva bildirib ki, türk dünyası QHT-ləri arasında əməkdaşlıq yeni platformalar və birgə təşəbbüslərlə genişlənir: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Gənc QHT Liderlərinin, Azərbaycan–Türkmənistan QHT-lərinin, Azərbaycan–Şimali Kipr QHT-lərinin və Azərbaycan–Qırğızıstan QHT-lərinin I Əməkdaşlıq Forumu da uğurla keçirilib.

E.Mehdiyevanın sözlərinə görə, Aygün Attarın çıxışı türk dünyasında QHT-lərin strateji rolunu və qarşıda duran çağırışları əhatə edib: Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda “Türk dünyasının vətəndaş cəmiyyəti: parçalanmış qlobal nizamda strateji həmrəylik, milli yaddaş və ortaq gələcək” mövzusunda etdiyi çıxışında bildirib ki, bu gün Türk dünyasının QHT-ləri qarşısında duran əsas çağırışlar tarixi yaddaşın qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi, qlobal ədalətsizliklərə qarşı intellektual və hüquqi müqavimətin gücləndirilməsi, iqtisadi və nəqliyyat inteqrasiyasına ictimai dəstəyin artırılması, həmçinin insan kapitalının, xüsusilə gənclərin yeni dövrün tələblərinə uyğun hazırlanmasını əhatə edir.

Sədr vurğulayıb ki, WUF13 çərçivəsində QHT-lərin fəaliyyəti üçün geniş əməkdaşlıq və tədbir imkanları yaradılıb: Bu gündən WUF13-ün tədbir məkanında – Urban Expo, C area, A39-da QHT Agentliyinin pavilyonu fəaliyyətə başlayıb. WUF13 dövründə yerli QHT-lərin xarici tərəfdaşları ilə birgə paviliyon ərazisində onlarla tədbirin keçirilməsi nəzərdə tutulub.

Elmira Mehdiyeva bildirib ki, müasir qlobal problemlər yerli təşkilatların rolunu daha da artırır və onların təsiri getdikcə daha görünən olur: Bu gün dünya bir-biri ilə əlaqəli, çoxsaylı böhranlarla üz-üzədir: iqlim dəyişiklikləri, şəhər bərabərsizliyi, məcburi köçkünlük, mənzil təhlükəsizliyi problemləri və yerli icmalar üzərində artan təzyiqlər. Belə bir dövrdə yerli təşkilatlar ikinci dərəcəli aktorlar deyillər. Onlar cəmiyyət daxilində ilk reaksiya verənlər, körpü quranlar və etimad yaradanlardır.

Fatimə Nəbiyeva

Seçilən
27
qht.az

1Mənbələr