Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün final mərhələsinin ilk oyununda “Elbasani” ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan inamlı qələbə ilə ayrılıb – 4:0. Əliyev görüşə start heyətdə başlasa da, 88-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 36-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, Albaniya çempionatının final mərhələsində mövsümün əsas hissəsini ilk dörd pillədə başa vurmuş komandalar çempionluq uğrunda mübarizə aparırlar. “Eqnatiya” ilk oyundan sonra 31 xalla zirvədə qərarlaşıb. “Vlajniya” və “Elbasani”nin də 31 xalı var. Tirana “Dinamo”su isə 27 xalla dördüncüdür.
“Eqnatiya”nı mayın 23-də “Vlajniya” ilə səfər, mayın 29-da isə Tirana “Dinamo”su ilə ev matçı da gözləyir. Bu görüşlərdə də uğurlu nəticələrə imza atacağı halda Zamiqin komandası Albaniya çempionu olacaq.
“Eqnatiya” 36 oyunda topladığı 57 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının əsas mərhələsinin yarış cədvəlində 3-cü yeri tutmuşdu. Sözügedən komanda 36 oyunda 16 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 73 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
