AZ

İƏT Ölkələri Gənc İş Adamlarının 12-ci Beynəlxalq Forumu keçirildi – FOTO

12-17 may 2026-cı il tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyi, Tatarıstan Respublikası "SELET" Gənclər Fondu və bu regionu təmsil edən Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc İş Adamlarının ənənəvi 12-ci Beynəlxalq Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, 15 may tarixində baş tutan Forumun açılış mərasimində Tatarıstan Respublikası başçısının köməkçisi Timur Suleymanov, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov, RF Gənclər üzrə Federal Agentliyinin rəhbərinin müavini Yeqor Litvinenko, Tatarıstan Respublikasının Gənclərlə İş naziri Azat Kadırov, “Selet” Gənclər Fondunun direktoru Aygül Qabdrrəhmanova və Tatarıstan Gənclərinin Diplomatiya Akademiyasının sədri Dilbər Sadıqova iştirakçıları salamlayaraq, onlara uğurlar arzu ediblər.
 

Çıxışlarda İƏT Gənc İş Adamları Forumunun davamlılığı, bu Forumun Rusiya və İslam dünyası gəncləri arasında əlaqələrin gücləndirilməsində oynadığı rol, eləcə də onun investisiya yönümlü olması xüsusi vurğulanıb.


İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov öz çıxışında təmsil etdiyi təşkilatın uzun illərdir Tatarıstan Respublikası hökuməti, respublikanın Gənclərlə İş Nazirliyi ilə əməkdaşlığı barədə məlumat verərək, Forumun regional əhəmiyyətindən bəhs edib, o cümlədən, gənc iş adamlarının müəllifi olduğu startap layihələrin davamlı olması baxımından Kazan Forumunun işinə yüksək dəyər verib.

Açılış mərasimindən sonra startap nümayəndələri arasında işçi sessiyalar keçirilib. Növbəti mərhələdə Rusiya, Misir, Azərbaycan, İndoneziya, Malayziya, Özbəkistan, Qazaxıstan, Qırğızıstanı təmsil edən nümayəndələr öz startaplarına dair ilkin təqdimatlarını ediblər.

Qeyd etmək lazımdır ki, Forum çərçivəsində biznes planın inkişafı, hədəf auditoriyasının müəyyən edilməsi, sahibkarlıq üzrə çağırışlar və imkanlar mövzuları üzrə işçi qruplar fikir mübadiləsi aparıblar.

Sonda Rafiq İsmayılov və Timur Suleymanov Forumun iştirakçılarına sertifikatlar təqdim ediblər.

Qeyd edək ki, Forum iştirakçıları mədəni proqramlara qatılmaqla yanaşı, Tatarıstan Respublikasının sahibkarlıq və startap subyektlərinə, o cümlədən görməli yerlərinə səfər ediblər.
 

Məlumat üçün bildirək ki, artıq 10 ildən çoxdur həyata keçirilən İƏT Gənc İş Adamları Beynəlxalq Forumunun əsas məqsədi İƏT məkanında yeni yaradılan startap layihələrinə dəstək vermək, eləcə də gənc iş adamlarının fəaliyyətlərini stimullaşdırmaq, qloballaşan dünyada yeni biznes ideyalarının yaranmasını təşviq etməkdən ibarətdir.


Hər il Forumun son günü ekspertlərdən ibarət beynəlxalq jüri müvafiq qiymətləndirmə meyarları əsasında qalib startap layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərarlar verir.
















Bizim.Media

Seçilən
4
1
bizim.media

2Mənbələr