Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 18 may, AZƏRTAC
Bu gün şəhərsalma dünyada sosial-iqtisadi inkişafı müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Qlobal miqyasda urbanizasiya proseslərinin sürətlənməsi nəticəsində şəhərlərin rolu daha da artır, kənd yerlərindən şəhərlərə miqrasiya tendensiyası isə davamlı xarakter alır.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Nigeriya Şəhərsalma İnstitutunun milli katibi Zayyanu Muhammad bildirib.
Onun sözlərinə görə, BMT-nin proqnozlarına əsasən, 2050-ci ilədək dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq ki, bu da şəhərlərin idarə olunması, infrastrukturun gücləndirilməsi və sosial xidmətlərin genişləndirilməsi baxımından yeni çağırışlar yaradır.
Zayyanu Muhammad qeyd edib ki, artan urbanizasiya fonunda şəhərlərin yalnız genişlənməsi deyil, eyni zamanda, dayanıqlı və planlı şəkildə inkişaf etdirilməsi əsas prioritet olmalıdır. Onun sözlərinə görə, şəhərsalma siyasəti iqtisadi inkişafla yanaşı, sosial ədalət və yaşayış keyfiyyətinin yüksəldilməsinə də xidmət etməlidir.
“Şəhərlərdə mənzil təminatı, urban və iqtisadi inkişaf məsələləri prioritet istiqamətlər sırasındadır. Artan urbanizasiya şəraitində şəhərlərin düzgün planlaşdırılması və dayanıqlı inkişafının təmin edilməsi mühüm vəzifədir”, – deyə o vurğulayıb.
O əlavə edib ki, inkişaf etməkdə olan ölkələrdə sürətli urbanizasiya şəhər infrastrukturuna əlavə təzyiq yaradır və bu, kompleks planlaşdırma yanaşmasını zəruri edir: “Bu kontekstdə mənzil təminatı, nəqliyyat sistemlərinin təkmilləşdirilməsi, ekoloji dayanıqlılıq və iqtisadi imkanların genişləndirilməsi əsas istiqamətlər kimi ön plana çıxır”.
Zayyanu Muhammad Dünya Şəhərsalma Forumunu müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi və qlobal əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür beynəlxalq tədbirlər şəhərlərin daha dayanıqlı, inklüziv və yaşana bilən hala gətirilməsi üçün ortaq həllərin formalaşdırılmasına imkan yaradır.
Müxbir-Vüqar Qurbanoğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.