AZ

Milyardlarla dollarlıq qızıl ehtiyatı KƏŞF EDİLDİ: kilometrlərlə uzanır

Finlandiyada aşkarlanan yeni qızıl yatağı Avropa mədənçilik sektorunda böyük marağa səbəb olub.

Musavat.com xəbər verir ki, mədən şirkəti Endomines ölkənin şərqində, Rusiya sərhədindən təxminən 10 kilometr məsafədə yerləşən ərazidə gözləniləndən daha böyük qızıl ehtiyatlarının tapıldığını açıqlayıb.

Şirkət nümayəndələri bildiriblər ki, bu kəşf Finlandiyanın mədən sənayesində yeni dövrün başlanğıcı ola bilər. Mütəxəssislərin hesablamalarına görə, bölgədəki ehtiyatın iqtisadi dəyəri milyardlarla dollara çata bilər.

Endomines tərəfindən verilən məlumata əsasən, Ukkolanvaara qaya strukturu daxilində bir-birindən müstəqil dörd yeni qızıl yatağı aşkarlanıb. Şirkətin baş direktoru Kari Vyhtinen xüsusilə bir qazma quyusunda üç fərqli yüksək tərkibli qızıl zonasının tapılmasının diqqətçəkici olduğunu vurğulayıb.

Mütəxəssislər bildirirlər ki, bölgədə əvvəl aparılan araşdırmalarda bu səviyyədə sıx qızıl göstəricilərinə rast gəlinməyib. 2025-ci ilin payızı və 2026-cı ilin qışında aparılan sınaq qazıntıları zamanı indiyədək ümumilikdə 52 qazma quyusu açılıb. Alimlərin sözlərinə görə, qızıl damarı təxminən 7 kilometr boyunca uzanır.

Yeni yatağın Finlandiyadakı hazırda fəaliyyət göstərən mədən sahələrinin təxminən 6 kilometr cənubunda yerləşdiyi açıqlanıb. Ekspertlər hesab edirlər ki, məlumatlar tam təsdiqlənərsə, Finlandiya Avropanın ən mühüm qızıl istehsalı mərkəzlərindən birinə çevrilə bilər.

Şirkətin bölgədə ehtiyatların dəqiq müəyyənləşdirilməsi üzrə işləri davam etdirdiyi, ilk istehsalın isə 2030-cu illər ətrafında başlamasının planlaşdırıldığı bildirilib.

Musavat.com

Seçilən
17
1
musavat.com

2Mənbələr