WUF13 çərçivəsində "Urban Expo" sərgisinin rəsmi açılış mərasimi olub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, açılışda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.
Qeyd edək ki, 3.5 hektar ərazini əhatə edən "Urban Expo" sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir.
"Urban Expo" iştirakçıları qlobal mənzil böhranı üzrə praktiki həll yolları ilə tanış edən immersiv sərgidir. Sözügedən sərgidə mənzil təminatı, iqlimədavamlılıq, rəqəmsal innovasiya, müyəssərlik və inklüziv şəhərsalma sahələri üzrə böyük milli pavilyonlardan icma əsaslı təşəbbüslər və startap innovasiyalarına qədər müxtəlif yanaşmalar nümayiş olunur.
Bu il keçirilən "Urban Expo" sərgisi vətəndaş cəmiyyətini təmsil edən təşkilatların sosial inklüzivlik və müyəssərliyə həsr olunmuş xüsusi qruplar və müştərək pavilyonlar şəklində rekord səviyyəli iştirakı ilə seçilir.
"Urban Expo" sərgisinin mərkəzi elementi isə şəbəkələşmə, qeyri-rəsmi müzakirələr və qarşılıqlı ünsiyyət üçün nəzərdə tutulmuş 2.5 hektarlıq açıq hava məkanı - WUF13 Bulvarıdır.