Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Uşaqlar və Gənclər Assambleyasında çıxış edən Türkiyənin tanınmış rok musiqiçisi və xeyriyyəçi Haluk Levent forumun gənclərin və uşaqların problemlərinin beynəlxalq səviyyədə müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Haluk Levent jurnalistlərə açıqlamasında WUF13-ün şəhərlərin gələcəyi ilə bağlı qərarların qəbulunda gənclərin iştirakını təşviq etdiyini deyib.
Onun sözlərinə görə, mənzil, sosial bərabərlik və şəhər mühitinin əlçatanlığı kimi məsələlər yalnız hökumətlərin deyil, bütövlükdə cəmiyyətin diqqət mərkəzində olmalıdır.
“Bu forum gənclərin səsinin eşidilməsi və onların ideyalarının real qərarlara çevrilməsi üçün çox vacib platformadır”, – deyə Haluk Levent qeyd edib.
Sənətçi bildirib ki, şəhərlərin gələcəyi yalnız binalar və infrastrukturla deyil, həm də insanlara yaradılan imkanlarla müəyyən olunur.
Haluk Levent əlavə edib ki, sosial həmrəylik və xeyriyyəçilik fəaliyyəti daha ədalətli və inklüziv şəhərlərin formalaşmasına töhfə verir. O, WUF13 kimi tədbirlərin müxtəlif ölkələrdən olan iştirakçılar arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarını genişləndirdiyini vurğulayıb.
Qeyd edək ki, Haluk Levent Türkiyənin tanınmış rok musiqiçisi olmaqla yanaşı, AHBAP platformasının qurucusudur və geniş xeyriyyə fəaliyyəti ilə tanınır.