AZ

Bakıda mənzillərin sökülməsinə görə vətəndaşlara yarım milyonluq ziyan vuran şirkət rəhbərinə hökm oxundu

Nərimanov Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Tağı Nəbizadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bir neçə şəxsin əmlak hüquqlarına ciddi zərər vurmaqda, eləcə də özgənin külli miqdarda əmlakını qəsdən məhv etməkdə təqsirləndirilir.

 

Belə ki, Tağı Nəbizadə Bakı şəhərinin Nərimanov rayonu ərazisində fəaliyyət göstərən MMC-lərin birində icraçı direktor vəzifəsində işləyərkən xidməti səlahiyyətlərindən qanunsuz şəkildə istifadə edib.

 

İstintaqla müəyyən olunub ki, o, şirkətin həyata keçirdiyi tikinti və söküntü layihələri çərçivəsində sakinlərin köçürülməsi, onlarla razılıqların əldə olunması, söküntü işlərinə nəzarət və göstərişlərin verilməsi kimi geniş səlahiyyətlərə malik olub. Tağı Nəbizadə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 5B ünvanında yerləşən ərazidə aparılan söküntü və tikinti işlərinə rəhbərlik edib.

 

Həmin ərazidə yerləşən bir sıra qeyri-yaşayış sahələrinin və mənzillərin sökülməsi ilə bağlı mülkiyyətçilərin razılığı və qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığı halda, təqsirləndirilən şəxs bunu işçilərdən gizlədib. Bildirilir ki, o, söküntü işlərini həyata keçirən şəxslərə guya mülkiyyət sahibləri ilə razılığın əldə olunduğunu deyərək obyektlərin sökülməsinə göstəriş verib.

 

Nəticədə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən yataqxana tipli binanın zirzəmi və müxtəlif mərtəbələrində yerləşən, ayrı-ayrı şəxslərə məxsus qeyri-yaşayış sahələri və mənzillər sökülüb. Sökülən obyektlər arasında ümumi sahəsi 64 kvadratmetr olan zirzəmi tipli qeyri-yaşayış sahəsi, 34,3 kvadratmetr, 17 kvadratmetr, 20 kvadratmetr, 22 kvadratmetr və 16,8 kvadratmetr sahəyə malik müxtəlif qeyri-yaşayış sahələri də olub.

 

İstintaq materiallarında qeyd olunur ki, sökülən obyektlərdən bəzilərində sahibkarlıq fəaliyyəti həyata keçirilib. Belə ki, həmin ünvanlarda fəaliyyət göstərən sahibkara məxsus tikinti, təmir və təsərrüfat mallarından ibarət ümumilikdə 40 000 manat dəyərində əmlak da dağıdılıb və yararsız hala salınıb.

 

Cinayət işi üzrə hesablamalara əsasən, zərərçəkmiş şəxslərə ümumilikdə 468 900 manat məbləğində maddi ziyan dəyib. Ayrı-ayrı şəxslərə vurulan ziyanın 41 000 manatdan 160 000 manatadək dəyişdiyi bildirilib.

 

İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxs xidməti səlahiyyətlərindən qulluq mənafeyinə zidd şəkildə istifadə edərək təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etməyə çalışıb, nəticədə vətəndaşların əmlak hüquqları pozulub və onlara ağır maddi ziyan vurulub.

 

Kamal Məmmədov

Tarix: 18 May 2026, 09:07   
Seçilən
41
pravda.az

1Mənbələr