AZ

Yeni maaş sistemi - Kimlər daha çox qazanacaq?

Azərbaycanda tez-tez müzakirə olunan məsələlərdən biri minimum əməkhaqqının artırılmasıdır.

Vətəndaşlar və bəzi ekspertlər hesab edir ki, hazırkı iqtisadi vəziyyətdə maaşların artırılmasına ehtiyac var.

Dünyada baş verən hadisələr, müharibələr və iqtisadi problemlər ərzaq və gündəlik tələbat məhsullarının bahalaşmasına səbəb olur. Bu da xüsusilə az maaş alan insanların dolanışığına ciddi təsir göstərir.

Bunlar nəzərə alınaraq yaxın dövrdə minimum əməkhaqqının artırılması mümkündürmü? Artım olarsa, maaşın hansı məbləğə çatdırılması real görünür?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova tamamilə əksini düşündüyünü qeyd edib:

“Çünki əməkhaqlarının artırılması problemi kökündən həll etmir. Problemin əsas səbəbi isə ərzaq inflyasiyasının yüksək səviyyədə olmasıdır. Bu, istər aylıq, istərsə də illik göstəricilərdə özünü açıq şəkildə göstərir. Rəsmi statistika ilə ekspertlərin apardığı qiymət müqayisələri arasında müəyyən fərqlər ola bilər, lakin real vəziyyət ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə vətəndaşın alıcılıq qabiliyyəti ciddi şəkildə azalıb. Məsələn, əvvəllər 100 manatlıq büdcə ilə bir ailənin aylıq ərzaq ehtiyacının böyük hissəsini qarşılamaq mümkün idisə, hazırda həmin məbləğ bir həftəlik bazarlığı belə tam təmin etmir. Sadə hesablama aparsaq, həftəlik 100 manatlıq ərzaq və gündəlik tələbat xərcləri aylıq təxminən 400 manata yaxın vəsait deməkdir. Buraya kommunal ödənişlər, nəqliyyat, təhsil, səhiyyə və digər ailə xərcləri hələ daxil edilmir. Bu isə o deməkdir ki, minimum əməkhaqqı ilə vətəndaşın əsas ehtiyaclarını qarşılamaq artıq olduqca çətinləşib”.

G.Hüseynovanın fikrincə, belə bir şəraitdə əməkhaqlarının yenidən artırılması inflyasiyanı daha da sürətləndirə bilər:

“Çünki maaş artımları bazarda qiymət artımı ilə müşayiət olunur və nəticədə vətəndaş real gəlir baxımından yenə də qazanmır. Əksinə, 5-10 faiz əməkhaqqı artımı fonunda ərzaq və qeyri-ərzaq məhsullarında 30-40 faizlik qiymət artımları müşahidə oluna bilər. Onsuz da bayramqabağı dövrlərdə, eləcə də hər 2-3 aydan bir xüsusilə ət və digər əsas istehlak məhsullarında qiymət artımları baş verir. Bu tendensiya davam edərsə, inflyasiya daha da sürətlənərək ikirəqəmli həddə çata bilər. Bu səbəbdən hesab edirəm ki, ilk növbədə pulun dəyəri və vətəndaşın alıcılıq qabiliyyəti artırılmalıdır. Yalnız bundan sonra əməkhaqlarının artırılması daha effektiv nəticə vermiş olar. Əks halda maaş artımı real rifaha deyil, sadəcə qiymət artımlarına xidmət etmiş olacaq”.

İqtisadçı bildirib ki, artıq Əmək Məcəlləsinə dəyişiklik edilib və əməkhaqlarının saatlıq əməkhaqqı prinsipi ilə hesablanması nəzərdə tutulur:

“Düşünürəm ki, saatlıq əməkhaqqı sisteminə keçid müəyyən problemlərin aradan qaldırılmasına kömək edə bilər. Çünki xüsusilə özəl sektorda əmək istismarı halları kifayət qədər geniş yayılıb. Belə ki, bəzi hallarda vətəndaş 8 saat əvəzinə 10-12 saat işlədilir, lakin buna uyğun əməkhaqqı almır və aylıq cəmi 400 manat civarında gəlirlə kifayətlənməyə məcbur olur. Xərclərin davamlı artdığı, gəlirlərin isə eyni tempdə yüksəlmədiyi bir dövrdə saatlıq əməkhaqqı sisteminin tətbiqi işçinin əməyinin daha ədalətli qiymətləndirilməsinə imkan yarada bilər. Hesab edirəm ki, inflyasiya və artan yaşayış xərcləri fonunda bu model müəyyən qədər sosial balansın qorunmasına kömək edə bilər”.

Günay Hüseynova bildirib ki, iqtisadçılar və ümumiyyətlə sahə üzrə mütəxəssislər birbaşa olaraq “minimum əməkhaqqı bu qədər olmalıdır” kimi konkret rəqəm səsləndirməməlidirlər:

“Çünki minimum və ya saatlıq əməkhaqqının məbləği real bazar qiymətləri, yaşayış minimumu və vətəndaşın gündəlik tələbatları əsasında müəyyənləşdirilməlidir. Xüsusilə də Avropa standartlarına uyğun müqayisələr aparılmalıdır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində vətəndaş bir saatlıq əməkhaqqı müqabilində gündəlik qida ehtiyacını qarşılaya biləcək məhsulları ala bilir. Yəni məsələ yalnız nominal maaşın yüksək olması deyil, həmin maaşın alıcılıq qabiliyyətidir. Buna görə də biz ilk növbədə bazardakı real qiymətləri nəzərə almalıyıq. Market vitrinlərində məhsulların qiyməti hansı səviyyədədir, vətəndaş gündəlik qidalanması, nəqliyyatı, kommunal xərcləri və digər əsas ehtiyacları üçün nə qədər vəsait xərcləyir bunlar hesablanmalıdır. Bu səbəbdən minimum əməkhaqqını “15 manat olsun”, “20 manat olsun” və ya başqa bir rəqəmlə müəyyənləşdirmək doğru yanaşma deyil. Əsas məsələ odur ki, vətəndaş bir saat işlədikdən sonra qazandığı əməkhaqqı ilə ən azından gündəlik qidalanmasını təmin edə bilsin. Hazırkı dövrdə isə yalnız qidalanmanı qarşılamaq belə artıq kasıblıq həddinə yaxın göstərici hesab olunur. Çünki insanın yalnız ərzaq deyil, digər zəruri ehtiyacları da var. Məsələn, kommunal ödənişlər, dərman, geyim, nəqliyyat, təhsil və sair. Ona görə də saatlıq əməkhaqqı müəyyən edilərkən əsas meyar vətəndaşın bir günlük əməyinin müqabilində hansı həyat standartını təmin edə bilməsidir. İnsan bir günlük əmək fəaliyyəti nəticəsində yalnız qida deyil, əsas yaşayış xərclərinin müəyyən hissəsini də qarşılaya bilməlidir. Hesab edirəm ki, minimum və saatlıq əməkhaqqının müəyyənləşdirilməsi zamanı məhz bu sosial və iqtisadi göstəricilər əsas götürülməlidir”.

Seçilən
64
sportinfo.az

1Mənbələr