Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasında mühüm rol oynadığını bəyan edib.
Redaktor.az xəbər verir ki, Prezident Aleksandar Vuçiç AZƏRTAC-a açıqlamasında bildirib ki, WUF13-ün əhəmiyyəti yalnız tədbirin özündə deyil, həm də müxtəlif ölkələrdən liderlərin bir araya gələrək fikir mübadiləsi aparmasındadır.
“Azərbaycan bu tədbirə ev sahibliyi edir və bu, Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır. Eyni zamanda, digər Prezident və Baş nazirlərlə də müxtəlif təcrübə və baxışların mübadiləsi aparılır”, - deyə Prezident Aleksandar Vuçiç bildirib.
Serbiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirdiyi görüşdən məmnun qaldığını və WUF13 çərçivəsində yeni təcrübələr əldə edəcəklərinə inandığını vurğulayıb.
“Düşünürəm ki, burada öyrənəcəyimiz bir çox məsələləri Serbiyada tətbiq edə və insanlarımız üçün faydalı nəticələr əldə edə biləcəyik”, – deyə Aleksandar Vuçiç əlavə edib.