
ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Prezident Donald Trampı İrana qarşı hərbi təzyiqi gücləndirməyə çağırıb.
AFN.az xəbər verir ki, "NBC News" telekanalına müsahibəsində senator münaqişənin uzanmasının və danışıqlarda irəliləyişin olmamasının "hamıya ziyan vurduğunu" bəyan edib. Qremin sözlərinə görə, Hörmüz boğazı nə qədər uzun müddət qapalı qalarsa və nəticəsiz danışıqlar davam edərsə, İran bir o qədər güclənəcək. O, Vaşinqtonun Tehranı küncə sıxışdıracağı təqdirdə yanacağın qiymətinin aşağı düşəcəyinə əminliyini ifadə edərək, ABŞ-ın İrana daha ciddi zərbələr endirmək üçün əlavə hədəflərinin və imkanlarının olduğunu vurğulayıb.
Müsahibədə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri ölkədə benzinin orta qiymətinin 51 faiz artdığı qeyd olunub. Senator həmçinin bu müharibənin respublikaçıların 2026-cı ilin aralıq seçkilərindəki nəticələrinə mənfi təsir göstərə biləcəyi barədə narahatlıqları rədd edib və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq naminə öz vəzifəsini itirməyə hazır olduğunu bildirib.
Donald Tramp da öz növbəsində seçki mülahizələrinin İrana qarşı qərarlara təsir etməsinə imkan verməyəcəyini qeyd edib. Danışıqların dayandığı bu ərəfədə isə İrandan amerikalı vasitəçilərə etimad göstərilmədiyi bəyan olunub, ABŞ Prezidenti isə Pekinin bu məsələdə vasitəçiliyinə ehtiyac duymadıqlarını vurğulayıb.