Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu - WUF13 Azərbaycanın son illərdə formalaşdırdığı yeni dövlət strategiyasının - şəhərsalma, dayanıqlı inkişaf, yaşıl transformasiya və qlobal əməkdaşlıq modelinin mühüm siyasi və institusional təqdimatıdır.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, COP29-dan sonra WUF13 kimi qlobal platformanın Azərbaycanda keçirilməsi təsadüfi seçim deyil. Bu, artıq Azərbaycanın beynəlxalq tədbirlərə sadəcə ev sahibliyi edən ölkə yox, qlobal gündəlik formalaşdırmağa çalışan regional aktora çevrildiyini göstərir.
"Azərbaycanın şəhərsalma sahəsində topladığı təcrübə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və "ağıllı şəhər" konsepsiyası beynəlxalq səviyyədə diqqətlə izlənilir. Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir. İşğaldan azad olunmuş ərazilərdə tamamilə yeni şəhərlərin qurulması, "smart city" və "smart village" modellərinin tətbiqi, "yaşıl enerji" yanaşması, rəqəmsal idarəetmə sistemləri, müasir infrastrukturun sıfırdan formalaşdırılması dünyada nadir urbanizasiya nümunələrindəndir.
Əslində Azərbaycan burada yalnız bərpa prosesi həyata keçirmir. Ölkə eyni zamanda postmüharibə urbanizasiya konsepsiyasının yeni modelini təqdim etməyə çalışır. Bu isə WUF13 platformasında Azərbaycanın əsas strateji narrativlərindən birinə çevrilə bilər".
Deputat vurğulayıb ki, WUF13-ün Bakıda keçirilməsinin ən diqqətçəkən tərəflərindən biri COP29 ilə yaradılan siyasi və institusional bağlantıdır.
"Əgər COP29 iqlim siyasəti, yaşıl enerji, karbon emissiyaları, dayanıqlı inkişaf kimi istiqamətləri ön plana çıxarırdısa, WUF13 həmin yanaşmanın şəhərsalma və urbanizasiya müstəvisində davamı kimi qiymətləndirilə bilər. Bu isə Azərbaycanın beynəlxalq platformalarda özünü "yaşıl transformasiya" tərəfdarı, dayanıqlı urbanizasiya tərəfdarı, regional inkişaf mərkəzi kimi təqdim etməsinə imkan yaradır.
Faktiki olaraq Bakı son illərdə enerji diplomatiyası, nəqliyyat-logistika layihələri, iqlim gündəliyi, urbanizasiya və şəhərsalma kimi müxtəlif istiqamətlərin kəsişdiyi beynəlxalq platformaya çevrilməkdədir".
S.Mikayılova əlavə edib ki, forumla bağlı ən maraqlı məqamlardan biri də "WUF13 Bakı standartları" anlayışıdır.
"Əgər bu model gələcəkdə BMT platformalarında institusional təcrübə kimi qəbul edilərsə, Azərbaycan beynəlxalq tədbirlərin idarəedilməsi,koordinasiya sistemi, təşkilati çeviklik, rəqəmsal forum idarəetməsi sahəsində yeni praktik model formalaşdırmış ölkələrdən biri kimi çıxış edəcək. UN-Habitat ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında imzalanmış Niyyət Məktubu da məhz bu baxımdan strateji əhəmiyyət daşıyır.
Bu sənəd yalnız forumun təşkili ilə bağlı texniki razılaşma deyil. Eyni zamanda Azərbaycanın şəhərsalma və beynəlxalq urbanizasiya siyasətində institusional tərəfdaş kimi mövqeyinin gücləndiyini göstərir".
S.Mikayılova bildirib ki, son illər Azərbaycan COP29, beynəlxalq idman yarışları, Qoşulmama Hərəkatı tədbirləri,Türk Dövlətləri Təşkilatı platformaları, qlobal forumlar vasitəsilə özünün "soft power" imkanlarını genişləndirməyə çalışır.
"WUF13 də bu strategiyanın davamıdır, çünki müasir dövrdə beynəlxalq nüfuz yalnız siyasi və iqtisadi resurslarla deyil, həm də şəhər idarəçiliyi, texnoloji inkişaf, yaşıl yanaşmalar, urbanizasiya keyfiyyəti, insan mərkəzli inkişaf modeli ilə müəyyən olunur. Azərbaycanın WUF13 vasitəsilə verməyə çalışdığı əsas mesajlardan biri də budur: ölkə regionda yalnız geosiyasi deyil, həm də urbanizasiya və dayanıqlı inkişaf mərkəzi rolunu oynamaq istəyir.
Bakıda keçirilən WUF13 forumu Azərbaycan üçün sadəcə beynəlxalq tədbir deyil. Bu forum postmünaqişə bərpa modelinin təqdimatı, yaşıl şəhər konsepsiyasının nümayişi, urbanizasiya diplomatiyasının gücləndirilməsi, beynəlxalq institusional əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın qlobal gündəlikdə rolunun artırılması baxımından strateji əhəmiyyət daşıyır. Əgər COP29 Azərbaycanın iqlim diplomatiyasında yeni mərhələ idisə, WUF13 ölkənin qlobal şəhərsalma və urbanizasiya siyasətində yeni platformaya çevriləcək".