Prezident İlham Əliyev mayın 17-də Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu qəbul edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Deryageldi Orazov Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb. İlham Əliyev salamlara görə təşəkkür edib və öz salamlarını Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Görüşdə qonaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
İlham Əliyev Füzulidə Türkmənistan tərəfindən məscid tikintisi təşəbbüsünə görə təşəkkürünü bildirib və layihə üzrə işlərin davam etdiyini qeyd edib.
Tərəflər işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini müzakirə ediblər. Deryageldi Orazov həmin ərazilərə yenidən səfər edərək həyata keçirilən layihələrlə yerində tanış olacağını bildirib.