Azərbaycanın bu mühüm forumu yüksək səviyyədə təşkil etməsinə görə təşəkkür edirik. Yeni Şəhərsalma Proqramının qəbulundan ötən 10 il ərzində əsas məsələ konkret nəticələrin əldə olunmasıdır. Litva üçün mənzil təminatı yalnız bir sektor deyil, təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılmasının əsasını təşkil edir.
Bu fikirləri Litvanın Ətraf Mühit Nazirliyinin kansleri Povilas Poderskis Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nazirlər səviyyəsində keçirilən dəyirmi masada səsləndirib.
Povilas Poderskisin bildirib ki, Litva şəhərsalma siyasətini Avropa İttifaqının çərçivə sənədlərinə uyğun şəkildə həyata keçirir. Ölkədə uzunmüddətli məkan inkişafı strategiyası hazırlanıb, şəhərsalma qaydaları təkmilləşdirilir, iqlim tədbirləri genişləndirilir və ictimai iştirakçılığın artırılmasına xüsusi diqqət yetirilir.
Litva rəsmisi çıxışında Ukraynadakı vəziyyətə də toxunaraq Azərbaycanın yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib. O vurğulayıb ki, Litva dayanıqlı və insan mərkəzli şəhərlərin bərpası istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.