AZ

Nazir: Anqolada urbanizasiya dayanıqlı iqlim və iqtisadi artım aləti olmalıdır

Bakı, 17 may, AZƏRTAC

Anqolada demoqrafik artım və genişmiqyaslı daxili miqrasiya səbəbindən sürətli urbanizasiya prosesi baş verir. Ölkənin əhalisi artıq 36 milyonu keçib və onların əhəmiyyətli bir hissəsi böyük şəhərlərdə və ətraf ərazilərdə yaşayır. Şəhərlərin sürətlə böyüməsi mənzil, nəqliyyat infrastrukturu, sanitariya sistemləri və digər əsas xidmətlərə ciddi yük yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Anqolanın ictimai işlər, şəhərsalma və mənzil naziri Karlos Alberto Qreqorio dos Santos Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasında nazirlər səviyyəsində keçirilən dəyirmi masada deyib.

Nazir qeyd edib ki, bu çətinliklərə cavab olaraq, hökumət ərazi inkişafına yanaşmasını dəyişir və onun qənaətinə görə, şəhərsalma təkcə yaşayış məntəqələrinin genişləndirilməsi məqsədinə xidmət etməməli, həm də iqlim risklərinin azaldılmasına, ətraf mühitin qorunmasına, sosial inteqrasiyaya və şəhər dayanıqlığının artırılmasına töhfə verməlidir. Karlos Alberto Qreqorio dos Santos ölkəsində mənzil problemlərinin həlli üçün 12 əsas sahədə dövlət proqramlarının həyata keçirildiyini bildirib.

Nazir beynəlxalq tərəfdaşları çoxtərəfli əməkdaşlığı genişləndirməyə çağıraraq vurğulayıb: “Dayanıqlı şəhər inkişafı güclü infrastruktur və adekvat maliyyələşdirmə olmadan mümkün deyil”.

O əlavə edib ki, yaxşı planlaşdırılmış urbanizasiya həm Anqola, həm də bütün Afrika qitəsi üçün iqtisadi artımın və iqlimə uyğunlaşmanın əhəmiyyətli hərəkətverici qüvvəsinə çevrilə bilər.

Müxbirlər – Pərvanə Qafarova, Günel Alıyeva
Foto – İlqar Cəfərov
Video – Ceyhun Mustafayev
Seçilən
27
4
azertag.az

5Mənbələr