AZ

Epileptik tutmalarda təhlükəli SƏHVLƏR - Necə ilk yardım göstərmək olar?

Cəmiyyətdə epilepsiya ilə bağlı ən böyük problemlərdən biri insanların məlumatsızlığı və yanlış müdaxilələrdir. Bir çox insan epileptik tutma ilə qarşılaşdıqda xəstəyə necə kömək etməli olduğunu bilmədiyi üçün ani qıcolma, huş itkisi, titrəmə zamanı ilk yardım göstərə bilmir. Bəzi hallarda isə edilən səhvlər vəziyyəti daha da çətinləşdirir. Halbuki yerində və düzgün müdaxilə həyati önəm daşıyır.

Epilepsiya nədir və necə ilk yardım göstərmək olar?

Epilepsiya- ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Mütəxəssislər hesab edir ki, epileptik tutma bəzi hallarda qəflətən baş verir, bəzi hallarda isə bir neçə saat öncədən əsəbilik, narahatlıq, başgicəllənmə, baş ağrısı müşahidə olunur.

Epileptik tutma yaşayan şəxsə ilk yardımla bağlı Bizim.Media-ya danışan tibb üzrə elmlər doktoru professor Adil Qeybulla qeyd edir ki, hadisə ictimai yerdə baş veribsə, öncə xəstəni kənarlaşdırmaq lazımdır:

“Epileptik tutma keçirən şəxslərdə huş getməsi, qıcolma olur və dil geriyə doğru qatlanır. Stasionarda bunun üçün xüsusi avadanlıqlar var.

İlk yardım həyata keçirmək mümkündür. Xəstənin ağzına boru qoyula bilir.  Bu, küçədə, təhlükəli yerlərdə də baş verə bilər. Bu halda birinci həmin şəxsi hadisə yerindən kənarlaşdırmaq, təhlükəsiz yerə aparıb düz uzatmaq lazımdır. Xəstənin ağzı mütləq açılmalı, dilinin qatlanıb-qatlanmamasına baxılmalıdır.

Dil qatlanıbsa, əldə olan vasitələrdən istifadə edərək dili çıxarmaq lazımdır ki, xəstə rahat nəfəs ala bilsin. Əks halda mexaniki asfiksiyadan ölə bilər. Ancaq bu, qətiyyən xəstənin ağzında saxlanılmamalı, ona kömək edən adamın əlində olmalıdır. Ağızı açarkən diqqətli olunmalıdır ki, dişlər (xüsusən implant yaxud qızıl dişlər) sınıb boğaza getməsin. Ondan sonra isə həmin şəxsi uzatmaq və tamamilə özünə gəlməsini gözləmək lazımdır. Xəstə yıxılan zaman başı dəyibsə, başqa təhlükəli məqam yaranıbsa kömək edən zaman bunu da nəzərə almaq lazımdır”.
 

Professor həmçinin bildirib ki, epileptik tutma zamanı şəxsin üzünə su vurmağın faydası yoxdur. İçmək üçün isə qətiyyən su vermək olmaz. Əks halda nəfəs yoluna gedə və daha ağır fəsadlara gətirib çıxara bilər.


Qeyd edək ki, medicina.az portalının məlumatına görə, dünyada 50 milyondan çox insanda epilepsiya müşahidə olunur və bu, ən çox rast gəlinən xroniki beyin xəstəliklərindən biridir. Azərbaycanda hər 1000 nəfərə 3,7–8 hadisə yayılıb, 60 mindən çox insan bu xəstəlikdən əziyyət çəkir.

Xədicə Paşayeva, Bizim.Media

Seçilən
1
1
bizim.media

2Mənbələr