AZ

Bakıda qurulan model: Texnologiya, təbiət və insan harmoniyası

“Müasir beynəlxalq münasibətlər sistemi artıq yalnız hərbi və iqtisadi güc üzərində qurulmur. XXI əsrdə dövlətlərin real nüfuzu onların elmi-intellektual potensialı, texnoloji inkişaf səviyyəsi, insan kapitalı və dayanıqlı inkişaf modelinə malik olub-olmaması ilə müəyyən edilir. Bu gün süni intellekt, rəqəmsal idarəetmə, alternativ enerji, biotexnologiya və yaşıl iqtisadiyyat sahəsində üstün mövqedə olan dövlətlər qlobal siyasətdə strateji üstünlük qazanırlar”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri deyib ki, əslində dünya yeni inkişaf mərhələsinə qədəm qoyur: “Bu mərhələdə əsas rəqabət neft və silah uğrunda deyil, texnologiya, elm və urbanizasiya modeli uğrunda gedir. Çünki gələcəyin güclü dövləti yalnız sərvətə malik olan yox, insan üçün təhlükəsiz, dayanıqlı və intellektual yaşayış mühiti yarada bilən dövlət olacaq.

Məhz bu baxımdan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun – WUF13-ün Bakıda keçirilməsi sıradan beynəlxalq tədbir deyil. Bu, Azərbaycanın qlobal urbanizasiya siyasətində artıq mühüm aktora çevrildiyini göstərən ciddi siyasi və diplomatik hadisədir.

Şəhər artıq sadəcə bina və küçə deyil

Müasir urbanistika anlayışı köklü şəkildə dəyişib. Əgər keçmişdə şəhər anlayışı yollar, binalar və kommunikasiya infrastrukturu ilə ölçülürdüsə, bu gün şəhər insanın təbiətlə münasibətinin, ekoloji düşüncə səviyyəsinin və sosial mədəniyyətinin göstəricisinə çevrilib.

Bu gün dünyanın qarşısında duran əsas problemlərdən biri məhz urbanizasiya ilə ekologiya arasında tarazlığın qorunmasıdır. İqlim dəyişiklikləri, su qıtlığı, hava çirkliliyi, biomüxtəlifliyin azalması və ekoloji fəlakətlər artıq təkcə təbiət problemi deyil, milli təhlükəsizlik məsələsinə çevrilib.

Məşhur fikir var: “Biz Yer kürəsini atalarımızdan miras almırıq, onu övladlarımızdan borc alırıq.”
Bu yanaşma müasir urbanizasiya fəlsəfəsinin əsas ideoloji xəttini təşkil edir. Çünki gələcəyin şəhərləri yalnız bugünkü rahatlıq üçün deyil, gələcək nəsillərin təhlükəsiz həyatı üçün qurulmalıdır.

Bu səbəbdən “dayanıqlı və dözümlü şəhər” modeli XXI əsrin əsas strateji konsepsiyalarından birinə çevrilib. Yaşıl enerji, ağıllı idarəetmə sistemləri, rəqəmsal şəhər modeli, ekoloji nəqliyyat, tullantıların düzgün idarə olunması və su resurslarının qorunması artıq urbanizasiya siyasətinin ayrılmaz hissəsidir”.

Kreativ şəhər nəzəriyyəsi və insan kapitalı faktoru

Deputat əlavə edib ki, müasir urbanistika nəzəriyyəsində xüsusi diqqət çəkən anlayışlardan biri də “kreativ şəhər” modelidir: “Bu nəzəriyyəyə görə şəhərin əsas gücü yalnız tikinti infrastrukturu və maliyyə imkanları ilə ölçülmür. Şəhərin real potensialı onun insan kapitalı, innovativ düşüncə mühiti, yaradıcı idarəetmə sistemi və ictimai dinamizmi ilə müəyyən olunur.
Bu baxımdan gələcəyin şəhərləri sadəcə yaşayış məkanı deyil. Onlar elm, yaradıcılıq, texnologiya və mədəniyyət platformalarıdır.

Əgər şəhər öz sakinlərinin intellektual potensialını inkişaf etdirirsə, elmə və innovasiyaya şərait yaradırsa, o zaman həmin şəhər davamlı inkişaf modelinə çevrilir.

Məhz buna görə müasir urbanizasiya siyasəti artıq yalnız memarlıq məsələsi deyil. Bu, insan kapitalının inkişafı strategiyasıdır.

Urbisid, kultusid və ekosid: Azərbaycanın yaşadığı acı reallıq

Son illər beynəlxalq siyasi və hüquqi ədəbiyyatda “urbisid”, “kultusid”, “ekosid” anlayışları geniş yayılmağa başlayıb.

Urbisid şəhərlərin və yaşayış məkanlarının məqsədli şəkildə dağıdılmasıdır. Kultusid xalqların tarixi-mədəni irsinin məhv edilməsini ifadə edir. Ekosid isə təbiətin və ekoloji sistemlərin sistemli şəkildə sıradan çıxarılması deməkdir.

Azərbaycan postmünaqişə dövründə bu anlayışların real nəticələri ilə üzləşmiş ölkələrdən biridir.

İşğal dövründə Azərbaycan şəhərlərinin dağıdılması urbisid siyasətinin açıq nümunəsi idi. Tarixi və dini abidələrin məhv edilməsi kultusid siyasətini nümayiş etdirirdi. Meşələrin qırılması, su ehtiyatlarının çirkləndirilməsi və təbii balansın pozulması isə ekosid elementləri kimi qiymətləndirilə bilər.

Lakin Azərbaycanın fərqi ondadır ki, Bakı dağıntılar üzərində sadəcə bərpa aparmır. Azərbaycan yeni urbanizasiya fəlsəfəsi qurur.

Qarabağ və Şərqi Zəngəzur – gələcəyin urbanizasiya laboratoriyası

Bu gün Şuşa, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri müasir urbanizasiya tarixinin ən maraqlı modellərindən biri hesab oluna bilər.

Burada şəhərlər və kəndlər yalnız yenidən tikilmir. Yeni ekoloji və texnoloji həyat modeli qurulur.
Ağalı kəndinda həyata keçirilən “Ağıllı kənd” layihəsi texnologiya ilə təbiətin harmoniyasına əsaslanan gələcək yaşayış məkanı modelidir.

Şuşada aparılan bərpa prosesi isə tamamilə fərqli fəlsəfə ortaya qoyur. Burada tarixi memarlıq ənənələri qorunur, milli-mədəni irs müasir urbanizasiya prinsipləri ilə uzlaşdırılır.

Bu isə göstərir ki, şəhər yalnız iqtisadi və texnoloji məkan deyil. Şəhər həm də milli yaddaşdır.

WUF13 – Azərbaycana beynəlxalq etimadın göstəricisi

WUF13 forumunun Bakıda keçirilməsi Azərbaycanın son illərdə həyata keçirdiyi urbanizasiya siyasətinə beynəlxalq səviyyədə verilən etimadın göstəricisidir.

Bu tədbir həm də Azərbaycanın “yaşıl inkişaf”, “ağıllı şəhər”, “insan mərkəzli urbanizasiya” və “dayanıqlı şəhər modeli” sahəsində regional liderə çevrildiyini göstərir.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinin müəyyənləşdirilməsi də bu strateji yanaşmanın əsasını təşkil edir.

Burada söhbət yalnız ekologiyadan getmir. Bu konsepsiya enerji təhlükəsizliyi, alternativ enerji mənbələri, innovativ idarəetmə, insan kapitalı və dayanıqlı yaşayış modelini vahid dövlət strategiyası çərçivəsində birləşdirir.

Heydər Əliyevdən başlayan strateji inkişaf xətti

Azərbaycanın müasir inkişaf modelinin ideoloji əsasları isə Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılıb.

Heydər Əliyev yaxşı anlayırdı ki, dövlətin gücü ilk növbədə insanın inkişaf səviyyəsi ilə müəyyən olunur. Məhz buna görə onun siyasətində elm, təhsil və milli kadr potensialı strateji istiqamət kimi qiymətləndirilirdi.

Bu gün Prezident İlham Əliyev həmin strategiyanı yeni texnoloji mərhələyə yüksəldib.
Gələcəyin şəhərləri universitetlərdə formalaşır

Müasir dövrdə urbanizasiya ekologiya, iqtisadiyyat, hüquq, sosiologiya, texnologiya və dövlət idarəçiliyinin kəsişmə nöqtəsində dayanır. Buna görə də universitetlərin və elmi mərkəzlərin rolu daha da artır.

Çünki gələcəyin şəhərlərini yalnız mühəndislər deyil, urbanistlər, hüquqşünaslar, ekoloqlar, sosial tədqiqatçılar və innovativ düşüncəyə malik alimlər formalaşdıracaq.

Bu gün qətiyyətlə demək olar ki, güclü şəhər yalnız beton və şüşədən ibarət olmur. Güclü şəhər elmə söykənən düşüncə, ekoloji məsuliyyət, milli dəyərlər və innovativ idarəetmə əsasında qurulur.

Azərbaycan modeli göstərir ki, insan amilini mərkəzə qoyan inkişaf strategiyası gələcəyin ən etibarlı yoludur”.

Seçilən
32
3
olke.az

4Mənbələr