Türk dünyası regionun sabitlik və təhlükəsizliyinin təminatı üçün daha effektiv rol oynaya bilər.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Bildiyiniz kimi, biz həmişə Türk dünyası ilə əlaqələrə dəyər verən bir iqtidar olmuşuq. Türk Dövlətləri Təşkilatı ilə də bunu taclandırmağın qürur hissini yaşayırıq. “Ailə Məclisimiz” olaraq gördüyümüz bu təşkilatın strukturunda hər növ əməkdaşlıq var, bütün fürsətləri dəyərləndirməyə çalışırıq. Birlikdə inkişaf edəcəyimizə inanırıq. Bütün platformalarda Türk dünyasının regionumuzun sabitlik və təhlükəsizliyi üçün daha effektiv rol oynaya biləcəyini deyirik”, - Türkiyə Prezidenti bildirib.
Ərdoğan Türk dünyasının iqtisadi, mədəni, strateji nöqteyi-nəzərdən potensialının çox yüksək olduğunu və bu potensialın istifadə olunması üçün addımlar atıldığını vurğulayıb.
O, bu potensialın diplomatiya, enerji, ticarət, nəqliyyat, təhlükəsizlik, müdafiə sahələri başda olmaqla, müxtəlif sahələrdə mövcud olduğunu qeyd edib.
“Bu il Türk Dövlətləri Təşkilatının Zirvəsi ölkəmizin ev sahibliyində həyata keçiriləcək. Sədr olduğumuz müddətdə təşkilatın güclənməsi üçün böyük səy göstərəcəyik”, - Türkiyə lideri əlavə edib.