AZ

“Xalq qəzeti”ndə Əməkdar jurnalist Musa Mərcanlı ilə görüş

“İRS” jurnalının baş redaktoru, Əməkdar jurnalist Musa Mərcanlı redaksiyamızın qonağı oldu. Qəzetin yaradıcı kollektivi ilə səmimi görüşdə geniş fikir mübadiləsi aparıldı.

M.Mərcanlı rəhbərlik etdiyi komanda ilə birlikdə ərsəyə gətirdikləri, çoxşaxəli Azərbaycan mədəniyyətinin, zəngin tarixinin və milli dəyərlərinin beynəlxalq arenada təbliğinə həsr edilən fundamental əsərlər silsiləsinin – Üçcildliyin 2026-cı il Dövlət mükafatına təqdim olunması ilə bağlı təəssüratlarını bölüşdü, çəkilən zəhmətin bəhrəsinin ölkənin elmi-mədəni həyatına layiqli töhfə olduğunu xüsusi vurğuladı. Müəllifin milli-mədəni irsin qorunması, tarixi yaddaşın bərpası və ölkəmizin müasir inkişaf mərhələsinin müxtəlif mühüm aspektlərini mükəmməl şəkildə əks etdirən genişmiqyaslı almanax-kitabları qəzetimizin kollektivi tərəfindən böyük maraqla qarşılandı. Təqdim olunan siyahıda yer alan “Şuşa”, “Azərbaycan. Yeni Era”, ölkəmizin mədəni sərvətlərini işıqlandıran “Tükənməz xəzinə”, çoxəsrlik dövlətçilik tariximizə işıq salan “Şirvanşahların minilliyi”, həmçinin xalqımızın dirçəliş yolunu bədii-fəlsəfi dillə ifadə edən “Dirçəliş. Başlanğıc” və “Daşları toplamaq vaxtıdır” kitabları xüsusi müzakirə mövzusu oldu. Bununla yanaşı, Zəfər tariximizin və torpaqlarımızın azad olunmasının rəmzi olan “Qarabağ: yeni sətirdən” və “Şuşa. Zirvədən uca” kitabları da qəzet əməkdaşları tərəfindən böyük diqqətlə və yüksək maraqla qarşılandı.

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı onu da diqqətə çatdırdı ki, 2026-cı il Dövlət mükafatına layiq görülməsi üçün Bakı Dövlət Universiteti tərəfindən təqdim olunan bu nəşrlər çoxillik gərgin əməyin, xarici müəlliflərin də cəlb olunduğu dərin elmi tədqiqatların, etibarlı tarixi mənbələrin və sistemli yanaşmanın məhsuludur. Müəllif onu da xüsusi olaraq vurğuladı ki, yaradıcı heyətin əsas məqsədi Azərbaycanın şanlı tarixini, zəngin mədəni irsini və bu gün fəxrlə addımladığımız müasir inkişaf mərhələsini vahid, bütöv konsepsiya şəklində oxucuya təqdim etməkdir.

Bu fundamental əsərlərdə həm milli yaddaşımızın dərin qatları, həm də müstəqil Azərbaycanın bugünkü geosiyasi və mədəni reallıqları dolğun şəkildə öz əksini tapıb. Həm elmi, həm də ictimai əhəmiyyətinə görə bu nəşrlər cəmiyyətimiz üçün çox qiymətli mənbələrdir və dövlətin ən yüksək mükafatına layiqdir.

“Xalq qəzeti”nin Baş redaktoru Əflatun Amaşov sözügedən nəşrlərin yüksək polifrafik keyfiyyətini, mükəmməl dizaynını xüsusi qeyd etdi. O, bu kitabların həm məzmunu, həm də tərtibatı ilə Azərbaycan kitab sənətinə böyük töhfə verdiyini bildirdi. Baş redaktor bu çətin və şərəfli missiyanı uğurla yerinə yetirdiyinə, milli irsimizin dünyaya tanıdılmasında göstərdiyi xidmətlərə görə müəllifə və onun rəhbərlik etdiyi müəllif heyətinə təşəkkürünü bildirərək, onlara Dövlət mükafatı uğrunda yarışda və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tacir SADIQOV
XQ

Seçilən
66
1
xalqqazeti.az

2Mənbələr