AZ

Türküstan Zirvəsi: Türk dünyasının yeni geosiyasi arxitekturası

Prezident İlham Əliyevin mayın 15-də Qazaxıstana səfəri ikimühüm siyasi aspektdən xüsusi dəyərləndirilə bilər. Səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün potensial imkanların möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Bu, qardaş ölkələr arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Azərbaycan və Qazaxıstan dörd il əvvəl imzalanmış strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə və 2025-ci ildə 20 illiyi qeyd olunan Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə əməkdaşlığın hərtərəfli inkişafının etibarlı təməlini qoyub. Dövlət başçılarının müntəzəm xarakter alan görüşləri, səfərləri, eləcə də hökumət nümayəndə heyətlərinin qarşılıqlı təmasları əlaqələrin inkişafında yeni imkanlar açıb. 

Prezident İlham Əliyevin səfərinin ikincisi vacib məqamıTürk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı və TDT-nin strateji çərçivəsini müəyyən edən çıxışı idi. Bu mötəbər görüşün qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində keçirilməsi isə dünyada dərinləşən müasir geosiyasi böhranlar fonunda rəmzi məna daşıyır. Bu məsələyə diqqət çəkən Prezidentimizin xatırlatdığı kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdənsonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olub və bu qədim şəhər Türk dövlətlərinin birliyinin simvolu kimi xüsusiəhəmiyyətə malikdir.

Qlobal geosiyasi fraqmentasiyalar və logistika-təchizat şaxələrinin dəyişməsi, yeni iqtisadi və nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması fonunda regional təşkilat kimi mövqeyini möhkəmləndirən TDT-nin beynəlxalq münasibətlər sistemində rolu və çəkisi gündən-günə artır. Təşkilatın qeyri-rəsmi Zirvə görüşləri formatının ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsi isə Təşkilatdaxilində yeni siyasi arxitekturanın və fəal dialoq mühitinin formalaşması baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər. 2024-cü ildən artıq ənənə halını almış qeyri-rəsmi Zirvə görüşləri ölkələrimiz arasında siyasi həmrəyliyi möhkəmləndirməklə bərabər, strateji koordinasiyanın daha sıx və vahid çətir altında aparılmasınagüclü təkan verir. 

Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, bu gün TDT-ninbeynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabrında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində sıx iş aparır, ortaq siyasi baxış çərçivəsi formalaşdıraraq iqtisadi-sosial və ticari-investisiya əlaqələrini genişləndirir, nəqliyyat-kommunikasiya layihələrini şaxələndirir.

Eyni zamanda, tərəflərin birgə siyasi iradəsi sayəsində rəqəmsal transformasiya, “yaşıl enerji” və humanitar əməkdaşlığın yeni gündəliyi də formalaşır. Zirvə Görüşünün mövzusu da bu baxımdan strateji hədəflərin anonsu hesab edilə bilər, dövrümüzün çağırışlarını və prioritetlərini əks etdirir. 

Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalı, qlobal rəqəmsal rəqabətdə öz güclü potensialına söykənərək ümummilli inkişaf yanaşmalarını ortaya qoya bilərlər. 

Hazırda qlobal mühitdə keyfiyyətli və dayanıqlı inkişaf infrastrukturlarına genişhəcmli sərmayələr qoyulur, innovasiyaların və geoməkan texnologiyalarının “ağıllı” və dayanıqlı idarəçilikdə rolu artır. 

Bu baxımından Bakının ev sahibliyi edəcəyi BMT-ninÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası dayanıqlı şəhər inkişafı və innovasiya sahəsində qlobal əməkdaşlıq platforması kimi xüsusi əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkili isə dayanıqlı inkişafın növbəti atributu kimi tarixdə özü mühüm yerini tutacaq. Həmçinin türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçirilməsi xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək. Yeri gəlmişkən, TDT dövlət başçılarının mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimini gerçəkləşdirməsi türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələrinin nümayişi üçün yeni institut kimi faydalı olacaq.

Azərbaycan rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinidə başlıca vəzifələrdən biri kimi müəyyən edib və Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyasının yaradılması həmin hədəf baxışlarına söykənir. Eləcə də ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilib. Bu istiqamətdə TDT ölkələri arasında birgə əməkdaşlıq mübadilələrinin möhkəmlənməsi isə rəqəmsal sənayesinin inkişafı və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqini daha da artırmış ola bilər.

Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri arasında uğurla davam edən əməkdaşlıq həm də nəhəng “rəqəmsal Ortadəhliz”in – Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsinin başa çatmasında mühüm rol oynayacaq. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi isə rəqəmsal bağlantını təsis edəcək. 

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığın müasir trans-kommunikasiya modeli olan Orta Dəhlizin əhəmiyyəti artmaqla, cari qlobal geosiyasi şəraitdə bölgənin nəqliyyat xəritəsini də dəyişməkdədir. Bu xəritə reallaşmaqda olan Zəngəzur dəhlizi fonunda Avrasiyada yeni kommunikasiya arteriyasının işləkliyini təmin edəcək. 

Beləliklə, Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü vahid ailə olan Türk dünyasının XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi yolunda hədəflərə çatmaqda növbəti addım olacaq.

Ramid Namazov,

Milli Məclisin deputatı

 

Seçilən
36
redaktor.az

1Mənbələr