AZ

Türküstandan Bakıya uzanan intellektual körpü: “Türk dünyasının inteqrasiyasına...”

"Forum türk dünyası çərçivəsində QHT-lər arasında birlik və həmrəyliyin gücləndirilməsində mühüm rol oynamaqdadır" 

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilir.

Tədbir "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə baş tutur. Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edirlər.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu əlaqələrin inkişafında və dərinləşməsində, QHT-lər arasında həmrəyliyin gücləndirilməsində hansı rol oynayacaq?

Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platformasının baş katibi Azər Allahverənov "Cebheinfo.az"-a bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu tarixi bir dövrdə baş tutmaqdadır:

"Mayın 15-də qədim türk yurdu olan Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçlarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Mayın 17-də isə Bakı şəhərində XIII Ümumdünya Şəhərsalma Forumu öz işinə başlayır. 

Türk Dövlətləri Təşkilatı da şəhərsalma üzrə yüksəksəviyyəli dialoq prosesində iştirak etməklə yanaşı, bu tədbirdə həm də təşkilata üzv ölkələrin QHT-ləri də bu prosesdə yaxından iştirak edəcəklər.

2024-cü il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində çıxışında Türk Dövlətləri Təşkilatı barədə danışan Prezident İlham Əliyev xüsusilə vurğulamışdı ki, “bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.

Türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq əsasında formalaşan əməkdaşlıq müstəvisi türk dünyasını vahid ailə kimi bir platformada birləşdirməklə bu regionu XXI əsrdə Avrasiyada nüfuzlu geosiyasi güc mərkəzinə çevirməkdədir.

Qürurverici haldır ki, Bakıdakı tədbirdə iştirak edən qeyri-hökumət təşkilatları günü-gündən güclənməkdə olan türk dünyasının inteqrasiyasına böyük töhfə verməkdədirlər. Məhz bu amal ilə uzun və şərəfli bir yola çıxan türk dövlətlərinin QHT-ləri bir araya gələrək 2025-ci il 25 noyabr qədim türk yurdu olan Naxçıvan şəhərində tarixi qərara imza atıblar. 

Belə ki, həmin gün 100-dən çox qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri Platformasının təsis konfransı keçirilib, bu Platformanın Katibliyinin daimi əsaslarla məhz Bakıda fəaliyyət göstərməsinə dair qərar verilib.

Təsis konfransında iştirak edən türk dünyası QHT-ləri ortaq tariximizdən, mədəni bağlılıqlarımızdan, həmrəylik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərindən irəli gələrək, türk dünyası çərçivəsində sosial, humanitar və cəmiyyətlərarası əlaqələrin inkişafında və dərinləşməsində vətəndaş cəmiyyətinin oynadığı mühüm rolu xüsusilə qeyd edərək, belə bir Platformanın yaradılmasına yekdilliklə qərar verdilər".

Onun sözlərinə görə, bu gün Platforma ortaq tariximizdən, mədəni bağlılıqlarımızdan, həmrəylik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərindən irəli gələrək, türk dünyası çərçivəsində sosial, humanitar və cəmiyyətlərarası əlaqələrin inkişafında və dərinləşməsində, QHT-ləri arasında birlik və həmrəyliyin gücləndirilməsində mühüm rol oynamaqdadır:

"Türk xalqları arasında diplomatiyanın, dialoqun, mübadilələrin dərinləşməsi məqsədilə QHT-lər arasında potensialın artırılması, təcrübə və bilik mübadiləsinin geniş şəkildə təşviq olunması istiqamətində öz işini quran Platforma qısa müddət ərzində iki-üç və çox tərəfli tədbirlərin keçirilməsinə nail olubdur.

Belə ki, bu müddət ərzində Katibliyin təşəbbüsü ilə Türkiyə, Qazaxıstan, Şimali Kipr Türk Respublikasının QHT-lərinin və beyin mərkəzlərinin iştirakı ilə tədbirlər keçirilib, bu dövlətlərin diplomatik qurumlarının təmsilçiləri ilə görüşlər təşkil olunub, Türk dövlətlərinin media subyektlərində Platformanın fəaliyyətinə dair məlumatlar yer alıb. 

Bununla yanaşı cari ilin noyabr ayınadək Platformanın fəaliyyət spektrinin genişləndirilməsi üçün həm əməliyyat, həm də institusional səviyyədə bir sıra işlərin yerinə yetirilməsi, o cümlədən bu təsisatın hüquqi statusuna və inkişaf strategiyasına dair qərarların verilməsi nəzərdə tutulur.

Ümid edirik ki, Platformamızda təmsil olunan QHT-lər tərəfindən yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihə və fəaliyyətlər xalqlarımız arasında həmrəyliyin möhkəm təməllər üzərində bərqərar olmasına əlverişli şərait yaradacaq, eyni zamanda türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcək".

Seçilən
15
4
cebheinfo.az

5Mənbələr