AZ

Daşkənd Oriental Universitetində Xaqani Şirvani auditoriyası açılıb

Daşkənd Oriental Universitetində Xaqani Şirvani adına Türkologiya Tədqiqatları Auditoriyası açılıb.

"Far.Az" xəbər verir ki, auditoriya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Daşkənd Oriental Universiteti ilə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.

Auditoriyanın vizual tərtibatında Azərbaycan və Özbəkistan arasındakı dostluğu simvolizə edən prezident portretləri, dövlət bayraqları, Azərbaycanın xəritəsi, gerbi və himninin bədii təqdimatı xüsusi konseptual əhəmiyyət daşıyır.

Auditoriyada Xaqani Şirvaninin portreti və yaradıcılığını tanıdan məlumatlar, görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin fotoları, eləcə də Azərbaycan mədəni irsinin incəliklərini ifadə edən xalça və kəlağayı nümunələri nümayiş etdirilir.

Kitab rəflərində Azərbaycan ədəbiyyatı, tarixi, musiqisi və humanitar əlaqələrinə dair geniş tematik spektri əhatə edən nəşrlər, auditoriyada isə Azərbaycan mədəniyyətini simvolizə edən dekorativ-tətbiqi sənət nümunələri və xatirə suvenirlər, həmçinin tar, kamança və qaval kimi milli musiqi alətləri yer alıb.

Xatırladaq ki, Prezident İlham Əliyev "Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb.

Seçilən
24
2
far.az

3Mənbələr