AZ

"Azərişıq" ASC ilk dəfə “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını Qəbələdə təşkil edib

BAKI, 16 may. TELEQRAF

"Azərişıq" ASC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Qəbələdə start verilib. Qəbələ rayonu Zarağan kənd İlqar Cəbrayılov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Bu barədə Teleqraf-a Azərişıq ASCdən məlumat verilib.

Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elektroenergetikasının qurulması və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji sektorunun inkişafı sahəsində aparılan islahatlar barədə danışıb. Həmçinin mərkəzin direktoru milli kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan energetiklərinin yerli və beynəlxalq yarışlarda iştirak etdiyini vurğulayıb. Bildirib ki, “Azərişıq” ASC-nin ötən il təşkil etdiyi “Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi” də energetiklərimizin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

“Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı barədə məlumat verən Seymur Mirzəyev komandalara uğurlar arzulayıb.

Çıxışdan sonra “Azərişıq” ASC-nin 11 illik faəliyyətini əks etdirən və elektrik enerjisi mənbələri haqqında video çarxlar təqdim olunub.

Rəsmi hissədən sonra müsabiqə mərhələsinəstart verilib. 5-9-cu sinif şagirdləri arasında təşkil olunan proqrama Qəbələ rayonu üzrə 2 şəhər və 1 kənd tam orta məktəbi olmaqla 3 ümumtəhsil müəssisəsinin hər birindən 2 komanda qatılıb. “Amper”, “Tesla”, “İşıqlı Sabah”, “Elektron Beyinlər”, “Alov şöləsi” və “Sonsuz enerji” komandaları birinci mərhələdə “Elektrik enerjisi təhlükələrindən necə qorunmalıyıq?” mövzusunda layihə hazırlayaraq “Ən kreativ layihə” nominasiyası uğrunda mübarizə aparıblar.

İkinci mərhələdə yarış iştirakçıları 1 mövzu seçərək “Gələcəyin enerji şəhəri” posterlərini hazırlayıb. Bu mərhələdə onlar “Ən innovativ ideya” nominasiyasının qalibi olmaq üçün bilik və bacarıqlarını sınayıblar.

Sonuncu mərhələdə “Biz enerji şirkətiyik” rol simulyasiyası üzrə komanda üzvləri arasında abonent, Çağrı mərkəzi, dispetçer xidməti və qəza-təmir briqadası rol bölgüsü aparılıb. “Şəhərin bir hissəsində elektrik kəsintisini aradan qaldırmaq” ssenariyası üzrə tapşırıqlar ardıcıl və düzgün icra edilib. Bu mərəhələdə komandalar “Ən peşəkar komanda” nominasiyası üzrə yarışıb.

Müsabiqənin sonunda qaliblər təşəkkürnamə, müxtəlif nominasiyalar üzrə diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmçinin komandaların təmsil etdiyi məktəblərin müəllimlərinə kuboklar təqdim olunub.

Tədbirin yarış hissəsi yekunlaşdıqdan sonra məktəblilərlə 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinə tanışlıq turu təşkil olunub. İştirakçılara müasir yarımstansiya və mərkəzin fəaliyyəti ilə bağlı məlumatlar verilib, eləcə də onlar təlim-məşq poliqonunda yaradılan sərgi ilə tanış olublar. Burada nümayiş etdirilən enerji qurğu və avadanlıqlarının xüsusiyyətləri şagirdlərə izah olunub.

Qeyd edək ki, "Azərişıq" ASC-nin ilk dəfə Qəbələdə təşkil etdiyi “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı digər regionlarda da davam etdiriləcək. Tədbirin keçirilməsində məqsəd məktəblilərdə enerji savadlılığını artırmaq, energetika sahəsinə erkən yaşlardan maraq yaratmaq, komanda işi və analitik düşüncəni inkişaf etdirməkdir.

Seçilən
46
9
teleqraf.com

10Mənbələr