Adanada qanunsuz mərc və çirkli pulların yuyulması ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində jurnalist Rasim Ozan Kütahyalı saxlanılıb.
News365.az xəbər verir ki, o, İstanbuldakı evində nəzarətə götürülərək Adanaya aparılıb.
Məlumata görə, istintaq qanunsuz mərc şəbəkələri və böyük məbləğdə maliyyə cinayətlərini əhatə edir. Prokurorluq və Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hazırladığı hesabatlarda şübhəlilərin "mütəşəkkil cinayət qrupu" kimi fəaliyyət göstərdiyi bildirilib.
Araşdırma zamanı elektron pul sistemləri, virtual POS şəbəkələri, bank hesabları, kripto aktivlər, valyutadəyişmə məntəqələri və saxta şirkətlər vasitəsilə böyük məbləğdə vəsaitin dövriyyəyə buraxıldığı müəyyən edilib. İddialara əsasən, təxminən 100 milyard türk lirəsi və 2 milyard dollarlıq şübhəli maliyyə əməliyyatları araşdırılır.
İstintaq çərçivəsində 221 daşınmaz əmlak, 120 avtomobil və 3 qayığa əl qoyulub. Şübhəlilər arasında bank rəhbərləri, polis əməkdaşları və vəkillərin də olduğu açıqlanıb.
Məlumata görə, bəzi bank əməkdaşlarının şübhəli pul köçürmələrinin gizlədilməsinə kömək etdiyi, bəzi hüquq-mühafizə orqanı əməkdaşlarının isə əməliyyat məlumatlarını sızdırdığı iddia olunur.