"Football-plus.az" xəbər verir ki, mayın 23-də ''Uembli''də baş tutacaq finalda Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' ilə ''Sauthempton'' qarşılaşmalıdı. Qalib gələn tərəf premyer-liqaya yüksələcək. Amma ''Sauthempton'' cəsusluqda günahlandırılır.
Bu komandanın məşqçilər korpusunun üzvü yarımfinalda ''Midlsbro'' ilə oyundan öncə rəqibin bazasına yollanaraq məşq prosesini telefonla videoya çəkibmiş. Buna isə icazə yoxdu. ''Midlsbro''nun şikayətindən sonra İngiltərə Futbol Liqası tərəfindən yaradılan xüsusi komissiya məsələ ilə bağlı araşdırma aparır. Bu fakt sübuta yetirilsə, ''Sauthempton'' cəzalanacaq və ''Hall Siti'' final matçı keçirmədən pley-offa yüksələcək!
Acun məsələ ilə bağlı ''talkSport'' kanalına açıqlamalar verərək bunları deyib:
''Nə qərar veriləcəyini bilmirəm. Araşdırma davam etdiyi üçün bu mövzuda geniş açıqlama vermək istəmirəm. Kimin günahkar olduğunu bilmirik. Ona görə də indi mövzunu şərh etməməyim daha yaxşı olar. Bu hadisə bizə qarşı edilsə, reaksiyam necə olar? Çox əsəbləşərəm. Bunun daha öncə neçə dəfə edildiyini aydınlaşdırmağa çalışaram. Hər şey sübuta yetirilsə, əlbəttə ki, çox əsəbləşərəm. İnsanların nə üçün belə şeylər etdiyini anlamıram. Həyatımboyu ədalət üçün çalışmışam. Amma həyatda səni təəccübləndirən çox şeylə qarşılaşırsan. Açığı, bu mövzunu ilk dəfə eşidəndə çox təəccübləndim. Çünki ''Sauthempton''un sahiblərini tanıyıram. Yaxşı insanlardı. Onların bu məsələ ilə əlaqəli olmadıqlarına əminəm. Amma bu işi kimin icra etdiyini, kimlərin yer aldığını bilmirəm. İstənilən halda bunun arxasında kim dayanırsa, futbol dünyasına özü ilə birlikdə pislik gətirib''.