ain.az, Gununsesi saytına istinadən bildirir.
Bakı Metropolitenin rəisi Vüsal Aslanovun rezonans doğuran çıxışına orjinaldan qulaq asdım.
Məğzi belədir ki, Bakının mərkəzində metro çıxışlarının sayını artırmadan şəhər kənarında yeni stansiyalar inşaa etmək doğru deyil.
Çünki oradan mərkəzi stansiyalara sərnişin axını yaranacaq və nəticədə onsuz da yüklənmiş infrastruktur pis vəziyyətə düşəcək.
Gəlin, reallığa baxaq, görək düz deyir, yoxsa yox?
Hazırda İçərişəhər, 28 May, Sahil, Nizami, Elmlər Akademiyası, Gənclik və Nərimanov metro stansiyaları səhər və axşam saatlarında basırıq olur.
Aslanov deməyə çalışır ki, ətraf qəsəbələrin əhalisi yerüstü nəqliyyatdakı tıxacdan, bir neçə marşrut dəyişməkdən imtina edib metrodan istifadə edəcək.
Nəticədə adıçəkilən stansiyalarda vəziyyət dözülməz hala gələcək.
Məncə, doğru təsvir edir. Amma çıxış yolu kimi nə təklif edir? Mərkəzdə stansiya çıxışlarının artırılması. Hazırda bu istiqamətdə işlər aparılır. Bu, nə qədər effektli olacaq, demək çətindir. Çünki mərkəzdə çıxışlarla yanaşı yeni stansiyalara ehtiyac var, o zaman sərnişin paylanması daha rahat olar.
Daha bir vacib məqam yerüstü nəqliyyatı qaydaya salmaqdır. O zaman yeraltında vəziyyət düzələcək.
Qısası, Vüsal Aslanovun məlum çıxışı şəhər ətrafında yaşayan sakinlərin mərkəzə gəlməsinin əleyhinə olduğunu ifadə etmir.
Mən də sosial şəbəklərdə paylaşımlara baxıb zarafatyana paylaşım etmişdim. Həqiqət naminə bunu yazmağı borc bildim.
Metronun problemlərinə gəlincə, hədsiz çoxdur, onu həll etmək istəyirlərsə, ilk növbədə şəffaflıqdan başlamaq lazımdır.
Elçin Rüstəmli
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.