AZ

Krasnoyarskda Azərbaycanla əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Krasnoyarsk diyarına işgüzar səfəri çərçivəsində regionun hakimiyyət və biznes ictimaiyyətinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib.

Mayın 12-də səfir Krasnoyarsk diyarı qubernatorunun birinci müavini, qubernator administrasiyasının rəhbəri Sergey Ponomarenko ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Krasnoyarsk diyarı arasında qarşılıqlı səfərlərin aktivləşdirilməsi, ticarət-iqtisadi, təhsil və mədəniyyət sahələrində, eləcə də gənclər mübadiləsi istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmin gün Rəhman Mustafayev Krasnoyarsk şəhər administrasiyasını da ziyarət edib. Burada o, şəhər meri Sergey Vereşşagin və Krasnoyarsk Şəhər Deputatlar Şurasının sədri Nataliya Firyulina ilə görüş keçirib. Krasnoyarsk diyarı Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Taleh Mahmudovun da iştirak etdiyi görüşdə ikitərəfli dialoq və əməkdaşlığın daha da möhkəmləndirilməsində qarşılıqlı maraq vurğulanıb. Həmçinin Krasnoyarsk şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə daha fəal iştirakının və iqtisadi-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, “Rusiya” Milli Mərkəzinin filialında Azərbaycan səfirinin Mərkəzi Sibir Ticarət-Sənaye Palatasının prezidenti Rafael Şaqeyev və Krasnoyarsk diyarının biznes ictimaiyyətinin nümayəndələri ilə görüşü baş tutub.

Görüş zamanı Azərbaycan ilə Krasnoyarsk diyarı arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, işgüzar əlaqələrin genişləndirilməsi, qarşılıqlı beynəlxalq sərgilərdə iştirak və birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr