“Əl-Nəsr”in baş məşqçisi Jorje Jezuş mövsümün sonunda komandadan ayrıla bilər.
QOL.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb. Bildirilir ki, 71 yaşlı mütəxəssis qərarı barədə artıq klub rəhbərliyini məlumatlandırıb. Mənbənin iddiasına görə, Jezuş Səudiyyə Ərəbistanındakı işini başa vurmaq və karyerasını başqa ölkədə davam etdirmək niyyətindədir.
Hazırda “Əl-Nəsr” çempionluq uğrunda mübarizəni davam etdirir. Komanda, həmçinin, Asiya Çempionlar Liqası-2-nin finalına hazırlaşır. Rəqib Yaponiyanın “Qamba Osaka” klubudur.
Məlumata görə, mayın sonunda Jezuşun Lissabonda “Fənərbağça” rəsmiləri ilə görüşü planlaşdırılıb. Türkiyə klubu məşqçiyə mövsümə görə təxminən 15 milyon avro maaş nəzərdə tutan müqavilə təklif etməyə hazırdır. Bu, onun məşqçilik karyerasındakı ən böyük müqavilə ola bilər.