
Uqandada Ebola epidemiyası elan edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyinin daimi katibi Diana Atvin məlumat yayıb.
Bildirilib ki, qonşu Konqo Demokratik Respublikasından ölkəyə gələn bir nəfər Uqanda paytaxtındakı xəstəxanada vəfat edib:
“59 yaşlı KDR vətəndaşı 11 mayda yüksək hərarət və nəfəs almaqda çətinlik çəkərək Kampala xəstəxanasına yerləşdirilib. Vəziyyəti pisləşib və o, 14 mayda vəfat edib. Testlər göstərib ki, ölümün səbəbi Ebola, xüsusən də Bundibugyo ştammı olub”.
Atvin əlavə edib ki, bu günə qədər Uqandada yerli yoluxma halları təsdiqlənməyib:
“Virus Uqanda icmaları daxilində yayılmayıb, ölkəyə xaricdən daxil olub”.
Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına görə, bir ölkədə hətta bir Ebola hadisəsi aşkar edilərsə, bu təhlükəli xəstəliyin epidemiyası avtomatik olaraq elan edilir.
Bundibugyo, Ebolanın məlum altı ştammından biridir. İlk dəfə 2007-ci ildə Uqandanın qərbində, adını aldığı ərazidə aşkar edilib. Müasir elm bu ştammı digər Ebola variantlarından daha az ölümcül hesab edir. Əsas çətinlik ondadır ki, daha çox yayılmış Zair ştammından fərqli olaraq, ona qarşı dərman yoxdur.