ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu dövründə Bakı şəhərindəki bəzi təhsil müəssisələrinin distant formata keçməsi ölkənin rəqəmsal təhsil infrastrukturunun çevikliyini və beynəlxalq tədbirlərə adaptasiya potensialını nümayiş etdirir. Elm və Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, 18-22 may tarixlərində paytaxtda 5-11-ci siniflər, eləcə də ali, peşə və orta ixtisas müəssisələrində dərslər distant rejimdə, əsasən “Rəqəmsal Məktəb” və “Microsoft Teams” platformaları üzərindən keçiriləcək".
Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi.
Müsahibimizin sözlərinə görə, Azərbaycan təhsil sistemi üçün distant təhsil artıq yeni bir sınaq deyil:
"Keçilmiş mərhələlər bu sistemin həm müsbət, həm də mənfi tərəflərini üzə çıxarıb. İlk öncə COVID-19 pandemiyası dövründə Azərbaycanda təhsilin distant formatda həyata keçirilməsi ilə bağlı xeyli təcrübə mövcuddur. COVID-19 pandemiyası dövründə qəfil keçid texniki infrastruktur və rəqəmsal savadlılıq baxımından çətinliklər yaratsa da, qısa müddətdə “Virtual Məktəb” platformasının qurulması və “Teledərs” layihəsi təhsilin tamamilə dayanmasının qarşısını aldı. Bu o deməkdir ki, artıq Azərbaycanda rəqəmsal alətlərin köməyi ilə dərslərin bütövlükdə distant formatda keçirilməsi təcrübəsi mövcuddur. Təcrübə rəqəmsal bacarıqların inkişafını sürətləndirsə də, qiymətləndirmə və şagird davamiyyətinə nəzarət baxımından tam uğurlu sayıla bilməzdi".

Həmsöhbətimiz vurğuladı ki, COP29 və Formula 1 təcrübəsi də nəzərə alına bilər:
"Ölkəmiz bu beynəlxalq tədbirlər zamanı daha hazırlıqlı idi. Pandemiyadan fərqli olaraq, proses planlı, qısa müddətli və lokallaşdırılmış şəkildə aparılırdı. Bu dövrdə təhsil proqramlarından geri qalmamaq və şəhər infrastrukturunun yükünü azaltmaq hədəflərinə tam nail olunub.
Hesab edirəm ki, onlayn təhsilə keçidin təhsilalanlara təsiri həm müsbət, həm də müəyyən risk və çətinliklərlə müşayiət oluna bilər. Bunun müsbət təsiri ondan ibarətdir ki, zaman və nəqliyyat effektivliyi baxımından bu, yaxşı təcrübədir. Tələbə və şagirdlər beynəlxalq tədbir zamanı yarana biləcək tıxaclarda vaxt itirmir, dərslərinə evdən rahat qoşulurlar. Eyni zamanda rəqəmsal kompetensiyaların inkişafı baxımından da əlavə imkanlar yaranır. Çünki müntəzəm onlayn alətlərdən istifadə şagird və tələbələrin gələcək karyeraları üçün vacib olan İKT savadlılığını artırır. Proses təhsil proqramının kəsilmədən plan üzrə icrasını təmin edir, yəni təhsilin davamlılığı burada qorunur".
İlqar Orucov distant təshilin risk və çətinliklərindən də danışdı:
"Burada motivasiya və diqqət dağınıqlığı əsas risk faktorudur. Monitor qarşısında uzun müddət qalmaq, xüsusilə məktəblilərdə dərsi qavrama faizini və fokuslanmanı aşağı sala bilər. Eyni zamanda canlı ünsiyyətin olmaması tələbələrin komanda işi və emosional intellektinin inkişafına mənfi təsir göstərə bilər. Müəllimlərin ekran arxasından şagirdlərin real iştirakını və tapşırıqları müstəqil şəkildə yerinə yetirib-yetirmədiyini yoxlama imkanları da zəifləyə bilər. Bu isə qiymətləndirməyə müəyyən qədər mənfi təsir göstərə bilər. Amma nəzərə alsaq ki, WUF13 (Ümumdünya Şəhərsalma Forumu) çərçivəsində tətbiq edilən distant təhsil qalıcı struktur islahatı deyil, çevik böhran və idarəetmə menecmenti alətidir, ölkənin bu sahədə formalaşmış institusional yaddaşı və texnoloji bazası — Elm və Təhsil Nazirliyinin rəqəmsal resurslarını nəzərdə tuturuq — dərslərin keyfiyyət itkisi olmadan başa çatdırılmasına imkan verir. Nəzərə alsaq ki, tədbir qısa müddətlidir, bu səbəbdən onlayn dərslər şagirdlərin ümumi akademik göstəricilərinə ciddi mənfi təsir göstərməyəcək. Əksinə, hesab edirəm ki, bu təcrübə sistemi növbəti qlobal çağırışlara qarşı daha dözümlü edəcək".
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.