Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
“İki sahil” xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında vahid platforma üzərindən təqdim edilməsi çərçivəsində Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasına inteqrasiya edilib. Yeni inteqrasiya nəticəsində vətəndaşlar Ədliyyə Nazirliyinin təqdim etdiyi bir sıra xidmətlərdən artıq ayrı-ayrı platformalara keçid etmədən birbaşa “mygov” üzərindən istifadə edə bilərlər. Bu yanaşma dövlət xidmətlərinin vahid platformaya inteqrasiyası, istifadəçi təcrübəsinin sadələşdirilməsi və xidmətlərə çıxışın asanlaşdırılması məqsədini daşıyır.
Ədliyyə Nazirliyinin “mygov” platformasına inteqrasiya olunan xidmətləri barədə məlumat aşağıdakılardır:
Tərcümə xidməti
Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi
Fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunması
“Tərcümə xidməti” vasitəsilə vətəndaşlar notariat qaydasında təsdiqi mümkün olan və notariat təsdiqi mümkün olmayan sənədlərin tərcüməsi üçün rəqəmsal qaydada müraciət edə bilərlər. İstifadəçi sənəd və tərcümə dili barədə məlumatları daxil edib, sənədi platformaya yükləyərək, ödəniş mərhələlərini tamamladıqdan sonra müraciət aidiyyəti üzrə göndərilir. Xidmət üzrə müraciətin statusu və tarixçəsi “mygov” üzərindən izlənilə bilir.
“Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi” xidmətindən istifadə üçün vətəndaş azyaşlı, müşayiətçi və eləcə də səfərlə bağlı məlumatları daxil edir, video identifikasiya və ödəniş mərhələlərini tamamladıqdan sonra müraciət aidiyyəti üzrə göndərilir. Nəticə barədə istifadəçiyə bildiriş təqdim olunur.
“Fiziki şəxslərə aid icra işləri barədə məlumatlar” vasitəsilə istifadəçilər özlərinə aid icra işləri və həmin işlər üzrə sənədlərlə platforma üzərindən tanış ola bilirlər. Sistem sənədlərin PDF formatında yüklənməsinə və məlumatların operativ şəkildə əldə edilməsinə imkan yaradır.
Qeyd edək ki, yeni xidmətlərlə yanaşı bu vaxtadək Ədliyyə Nazirliyinin həyat hadisələri əsaslı 5 xidməti və notariat fəaliyyəti ilə bağlı 4 xidməti “mygov” platformasına inteqrasiya edilib.
Vətəndaşlar sözügedən xidmətlərdən həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə istifadə edə bilərlər.
“mygov” mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q