AZ

İrəvan və Sərdarabad qalalarının işğalı arxiv sənədlərində

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rövşən YERFİ

Bu il İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Şimali Azərbaycanın işğalının tamamlanmasının, həmçinin Türkmənçay müqaviləsinin 198 ili tamam oldu. Bu müqavilədən dörd ay əvvəl isə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviçin bir həftəlik mühasirəsindən sonra, 1827-ci ilin 13 oktyabrında İrəvan qalası süqut etmişdi.

Dövlət Tarix Arxivində şimal-qərbi Azərbaycan torpaqlarının işğalı ilə bağlı araşdırmalar zamanı 1827-1890-cı illəri əhatə edən "Zaqafqaziya Şeyxülislamının dəftərxanası" adlı fondda maraqlı bir saxlama vahidi ilə rastlaşdım: "İrəvan, Sərdarabad qalalarının ələ keçirilməsi haqqında Tiflis hərbi və mülki qubernatorunun Tiflis axunduna ismarışı".

Bu ismarış nədən ibarət idi? Demək, 27 sentyabr 1827-ci ildə Tiflis şəhərində mülki qubernatorun müşaviri olan M.Vasilyevski Sərdarabad qalasının alınması münasibəti ilə Tiflisin axundu Molla Məmmədəli Salyanskiyə aşağıdakı məktubu yazmışdı:

"Dünən Tiflis hərbi qubernatoru cənab general-leytenant və kavaler Sipyaqindən qoşunlarımız tərəfindən farsların Sərdarabad qalasının alınması və İmperator Həzrətləri Konstantin Nikolayeviçin dünyaya gəlməsi münasibəti ilə verilmiş ali manifest barədə mənə xəbər daxil olmuşdur. Bu xoş hadisələrin baş verməsi səbəbi ilə bu gün Tiflisdə yunan, rus, katolik və erməni kilsələrində Uca Allaha şükran məqsədi ilə dualar edilmişdir.

Xahiş edirəm, Allaha şükran üçün dualar edilməsini tatar məscidində də təşkil edəsiniz".

Ruslar İrəvanın mühasirəsini asanlaşdırmaq üçün əvvəlcə Sərdarabad qalasının üzərinə hücum etmişdilər. 1815-ci ildə istifadəyə verilən, xanlığın ikinci böyük qalası İrəvan sərdarı tərəfindən tikildiyindən Sərdarabad qalası adlandırılırdı. Bu istehkam tikilisi Osmanlı ilə sərhəddə idi və  xarici hücumların əsas zərbəsini öz üzərinə götürərək İrəvan şəhərinin qərb tərəfdən qapısı sayılırdı. Rusların aprelin ortasından başlamış hücumları qaladağıdıcı topların hesabına sentyabrın 19-da qalanın alınması ilə başa çatmışdı.

Sərdarabaddan sonra ruslar İrəvan qalasını tutmağı qarşılarına məqsəd qoydular. Tarixi mənbələrdə göstərilir ki, rusların İrəvana ilk hücumu 1804-cü ildə baş vermiş, İrəvan xanı Məhəmməd xan və mühasirədə olan qardaşlarına köməyə gələn Naxçıvan xanı Kəlbəli xan general Sisianovun başçılıq etdiyi Rusiya ordusunu məğlub edərək geri çəkilməyə məcbur edib. 1808-ci ildə bu dəfə general Qudoviçin başçılığı altında yenidən qalaya hücum edilib. Rusiya ordusu yenə də məğlub olub. Nəhayət, iyimi ilə yaxın müddətdən sonra, Sərdarabad qalasını alan rus ordusu üçüncü cəhddə İvan Paskeviçin rəhbərliyi altında 1827-ci ilin oktyabrında İrəvan qalasının müqavimətini qıra bilmişdi.

Bu barədə haqqında danışdığımız saxlama vahidində korpus adyutantlarından birinin Paskeviçə müraciətlə yazılmış məktubunun surəti də saxlanılır. Məktubda qalanın alınmasında öz tərəflərindən göstərilən şücaət mübaliğə ilə təsvir edilir:

"Möhtərəm Zati-aliləri, İrəvanın fəthi münasibəti ilə sizi təbrik edirəm. Altı günlük mühasirədən və qənimətlərin aşkar edilməsindən dörd gün sonra şəhər 1 oktyabr tarixində bizim tərəfimizdən alınmışdır.

Düşmənin hücumları nəticəsində sərhəd ərazisində mütləq qarışıqlıqlar, o cümlədən dağıntılar baş vermişdir. Bununla əlaqədar olaraq yerli əhali ciddi təhlükə altına düşmüşdü. Mövcud vəziyyət ictimai asayişin qorunması üçün təcili və qəti tədbirlərin görülməsini zəruri etmişdir. Bu səbəbdən hərbi qüvvələrin hərəkəti gücləndirilmiş, yollar və keçidlər nəzarət altına alınmış, qayda-qanun təmin olunması üçün lazımi sərəncamlar verilmişdir.

Eyni zamanda əhaliyə qarşı zorakılığın qarşısının alınması, mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi və dövlət tələblərinə uyğun davranışın saxlanılması xüsusilə tapşırılmışdır. Qanuna zidd hərəkətlərə yol verilməməsi, imperiya hökumətinin qoyduğu qaydalara ciddi şəkildə əməl edilməsi tələbi qoyulmuşdur".

Məktubda İrəvan qalasının alınması haqqında işğalçıların özlərinə sərf edən qeydlər də yazılıb: "Qala heç bir müqavimət göstərilmədən alındı, düşmən tərəf xilas ola bilmədiklərini anlayıb silahları atıb qaçmışdılar. Həsən xan Sərdar, İrəvan sərdarının qardaşı Sübhanqulu xan, qalanın komendantı, Sərdarın kürəkəni, beş xan və bütün pers məmurları əsir götürüldü. Qalada 35 top, 2 artilleriya qurğusu və digər silahlar tapıldı. Bizim tərəfdən itki; bir ober zabit və dörd aşağı rütbəli həlak olmuş, iki ober zabit və otuz altı aşağı rütbəlilər yaralanmışdır".

Saxlama vahidində hərbi qubernatorun Tiflis axunduna 14 iyun 1928-ci il tarixli daha bir məktubu var. Məktubda deyilir: "Türk qalalarının Rusiya tərəfindən tutulması münasibəti ilə avqust ayının 5-də Tiflis şəhərinin bütün yunan-gürcü kilsələrində dua mərasimləri icra olunacaq.

Sizdən xahiş olunur ki, tatar məscidlərində də şəriət qaydalarına uyğun olaraq təşəkkür və dua mərasimlərinin təşkilini təmin edəsiniz".

Beləliklə, çar generalları göründüyü sayaq bizim dindarları və din xadimlərimizi özümüzün qalalarını və şəhərlərimizin, yurdlarımızın yağmalanmasını, işğalını bayram etməyə, təcavüzlərinə dualar etməyə sövq edirlər və bunu onların təbəəlik borcu bilirlər.

Həmin dövrün hadisələrini, şimal-qərbi Azərbaycanımızın ilhaqının tarixi nəzərdən sübutları kimi haqqında danışdığımız bu arxiv sənədləri misilsiz dərəcədə dəyərli və əhəmiyyətlidir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
525.az

1Mənbələr