AZ

Yaxın gələcəyin məktəbində “süni intellektdən istifadə qadağandır” demək mümkün olmayacaq

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Süni intellekt artıq sadəcə məlumat tapan sistem deyil, şagirdin yerinə esse yazan, test həll edən, hətta müəllimin verdiyi tapşırığı bir neçə saniyəyə tamamlayan “rəqəmsal köməkçi”yə çevrilib. Bu vəziyyət dünyanın bir çox ölkəsində təhsil sistemini ciddi şəkildə dəyişməyə başlayıb. Ənənəvi dərslik modeli, əzbərçiliyə əsaslanan imtahanlar və standart ev tapşırıqları əvvəlki təsir gücünü itirir. Çünki şagird artıq cavabı öyrənməkdən çox, cavabı haradan və necə almağı bilir. Bəzi müəllimlər bunu təhlükə sayır, digərləri isə yeni dövrün qaçılmaz transformasiyası kimi qəbul edir.Məsələ ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a bildirib ki, süni intellektin təhsilə təsiri həm inkişaf, həm də müəyyən sarsıntılar yaradır:“Buna görə də məsələyə “tam faydalıdır” və ya “tam zərərlidir” kimi birtərəfli yanaşmaq çətindir. Əslində dəyişən bilik yox, insanın biliklə münasibət formasıdır. Əvvəllər məktəblərin əsas üstünlüyü məlumata çıxış idi. Müəllim bilirdi, şagird isə öyrənirdi. İndi isə “ChatGPT” kimi sistemlər saniyələr içində esse yazır, test həll edir, mətn izah edir, hətta proqram kodu hazırlayır. Bu şəraitdə yalnız məlumatın əzbərlənməsinə əsaslanan təhsil modeli təbii olaraq zəifləyir. Çünki şagird artıq cavabı bilən yox, cavaba çıxışı olan bir mühitdə yaşayır. Amma bu, təhsilin məhv olması demək deyil. Əksinə, təhsilin məqsədi dəyişir. Əgər əvvəllər əsas sual “Doğru cavab nədir?” idisə, indi daha vacib suallar ortaya çıxır. “Bu məlumat doğrudurmu?” “Süni intellektin verdiyi cavabda hansı səhvlər ola bilər?” Burada müəllimin rolu daha da vacibləşir. Çünki süni intellekt məlumat verə bilir, amma şagirdin xarakterini formalaşdıra bilmir, etik düşüncə öyrətmir, emosional dəstək vermir. O, şagirdin zəif və güclü tərəflərini insan kimi hiss etmir”.O deyib ki, gələcəyin müəllimi böyük ehtimalla məlumat mənbəyindən daha çox mentor, istiqamətverici, müzakirə aparan və tənqidi düşüncəni inkişaf etdirən şəxs olacaq:“Yəni müəllim tam yox olmayacaq, sadəcə onun funksiyası dəyişəcək. Digər tərəfdən, məsələnin təhlükəli tərəfləri də var. Əgər məktəblər köhnə üsullarla davam etsə, yəni yalnız ev tapşırığı, standart testlər və əzbərçilik üzərində qurulsa, süni intellekt həmin sistemi formal hala gətirə bilər. Şagird tapşırığı özü anlamadan hazırlamış olar. Nəticədə qiymətlər yüksək görünsə də, real bilik zəifləyər. Bu səbəbdən bir çox ölkədə artıq yeni yanaşmalar müzakirə olunur: açıq kitab və ya açıq süni intellekt imtahanları, layihə əsaslı qiymətləndirmə, sinifdaxili müzakirələr, təqdimatlar, debatlar və şagirdin düşünmə prosesinin qiymətləndirilməsi. Çox güman ki, yaxın gələcəyin məktəbində “süni intellektdən istifadə qadağandır” demək mümkün olmayacaq. Necə ki, vaxtilə kalkulyatoru tam qadağan etmək mümkün olmadı. Əsas məsələ süni intellektdən istifadə etməyi düzgün öyrətmək olacaq. Məncə, süni intellekt təhsili zəiflətmir. O, sadəcə köhnə təhsil modelini sınağa çəkir. Əgər məktəblər dəyişə bilsə, təhsil daha fərdi, daha yaradıcı və daha effektiv ola bilər. Əgər dəyişməzsə, qiymətlər qalacaq, amma öyrənmə zəifləyəcək”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
demokrat.az

1Mənbələr