Bakı Dövlət Universitetinin 70 yaşlı professoru Hikmət Əlizadə ürəyində narahatlıq hiss etdiyindən Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım şöbəsinə müraciət edib. Hospitalın təcili tibbi yardım avtomobilində onun döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub.
Hospitala çatdırılarkən xəstənin ürəyi dayanıb. Dərhal təxirəsalınmaz tibbi tədbirlərə başlanılıb və 20-30 dəqiqə ərzində ürək masajı aparılıb. Xəstə həmin müddətdə kliniki ölüm keçirdiyindən onu yubanmadan angioqrafiya otağına aparıblar və hərtərəfli müayinə zamanı ürək damarlarında tıxanma aşkar edilib.
Hospitalın İnvaziv kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlunun həyata keçirdiyi təcili əməliyyat uğurla başa çatıb. Nəticədə ürək damarlarının keçiriciliyi bərpa olunub.
Hazırda professor Hikmət Əlizadənin vəziyyəti stabildir. Onun evə buraxılması nəzərdə tutulub.