Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı baş verən dəyişiklikdən sonra özəl klinikalara sığorta göndərişlərinin verilməsinin dayandırıldığı bildirilir. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilir. Belə ki, dövlət tibb müəssisələrinə müraciət edən xəstələrə həkimlər tərəfindən bildirilir ki, onalara verilən tapşırığa əsasən özəl klinikalara göndəriş verilməyəcək. Dövlət xəstəxanalarında müasir tibbi avadanlıqların və xidmət imkanlarının məhdud olduğu bir şəraitdə bu qərarın xəstələrin keyfiyyətli tibbi xidmətə çıxışına təsirini məhdudlaşdırmırmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, icbari tibbi sığortada vətəndaşın seçim hüququ olmur:
"Yəni burada müraciət edilir və icbari tibbi sığorta növbəlilik əsasında xəstəni boş olan vakant yerlərə, deyək ki, onun nəzarətində 10 MRT varsa, 10 klinikadan birinə yönləndirir və xəstə də gedib orada müayinə olunur. Qalan bütün hallar, plandan kənar müraciətlər ödənişli olur. Buna görə də burada vətəndaşın seçim hüququnun məhdudlaşdırılmasından söhbət gedə bilməz. Amma seçilən, təyin edilən bütün MRT aparatları, yəni klinikalar kompetent olmalıdır. Çünki özəl klinikalara dövlət lisenziya verir, lakin bəzi hallarda aparatların imkanları və daha müasir olması məsələsi də nəzərə alınmalıdır. Onsuz da icbari tibbi sığorta bu sahəyə vəsait ayırır və ilk növbədə bu amil diqqətə götürülməlidir. Sonra mən düşünürəm ki, mümkün olan qədər özəl klinikaların imkanları bu işə səfərbər olunmalıdır. Çünki özəl klinikalar da vergi ödəyən subyektlərdir və dövlətin lisenziyası əsasında fəaliyyət göstərirlər. Onların da yaşaması və işləməsi üçün bu vacibdir. Bu baxımdan özəl klinikaların potensialından icbari tibbi sığortanın istifadə etməsi daha məqsədəuyğun olar və hesab edirəm ki, belə də olmalıdır. İcbari tibbi sığortada işi planlaşdıran şəxslər növbə sistemini qurmazdan əvvəl xəstəxana və klinikaların, eləcə də tələbat üzrə ayrı-ayrı diaqnostik müayinələrin əvvəlki illərin göstəricilərinə əsasən potensialını, say imkanlarını müəyyən etməlidirlər ki, sonradan sıxlıq, çətinliklər və digər problemlər yaranmasın".
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.