AZ

Ermənistanı 35 il əvvəl bataqlığa salan şüarlar So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytına istinadən ain.az xəbər verir.

Fazil Mustafa, millət vəkili:

- Builki futbol üzrə milli çempionatın ən sevindirici hadisəsi Tovuzun "Turan" komandasının üçüncü yeri tutaraq illər sonra Avropa məkanına qayıdışı oldu. Bir iş adamının təşkilatçılıq qabiliyyəti ilə strateji bölgələrimizdən olan Tovuzda futbol həyatının yenidən canlandırılması hamımız üçün sevindiricidir. Ehtiram bəy həqiqətən də təkcə pulunu deyil, canını, enerjisini də ortaya qoyaraq komandanın uğura imza atmasında önəmli rol oynadı. Qurban Berdiyev kimi təcrübəli mütəxəsissin iş başına gətirilməsi komandanın iddiasından xəbər verirdi və qarşıya qoyulan hədəflərə addım-addım gediləcəyinə əminlik yaradır. Oqtay Abdullayev kimi təcrübəli mütəxəssisin Müşahidə Şurasında olması da komandanın uğurlarında öz təsirini göstərib. Bir sözlə, Avropa klublarını Tovuza gətirənlərə, yerli futbolsevərlərə sevinc yaşadanlara eşq olsun!

Şahin Mustafayev, professor:

- Britaniyanın məşhur Baş naziri Vinston Çörçillin (Winston Churchill) bəzi aforizmlərinə rast gəldim burada. Bəyəndiklərimi tərcümə edib sizlərlə bölüşürəm. Çörçill ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş bir siyasi xadimdir.

1. Cəhənnəmdən keçərkən tez gedin, dayanmayın.

2. Düşmənlərin varsa, demək ki, həyatda dəyərli bir şeyi müdafiə etmisən.

3. Hər bir böhran yeni imkan deməkdir.

4. Ağıllı adam səhv etməz, bu imkanı başqasına verər.

5. Demokratiyaya qarşı ən yaxşı dəlil orta seçici ilə beş dəqiqəlik söhbətdir.

6. Əsl uğur nikbinliyini itirmədən bir uğursuzluğundan digərinə doğru addımlamaqdır.

7. Heç vaxt fikrini dəyişməyən insan axmaqdır.

8. Qartallar susanda tutuquşular çərənləməyə başlayırlar.

9. Hakimiyyət narkotikdir, onu bir dəfə dadan insan ömürlük zəhərlənmiş olur.

10. Sağlamlıq və zənginlik arzulamayın, uğur diləyin. "Titanik" gəmisində olanların hamısı sağlam və varlı idilər, onların arasındakı uğurlu insanları isə barmaqla saymaq olar.

11. Həqiqət əyninə şalvarını geyənədək yalan dünyanın yarısını hərlənir.

12. Siyasət savaş qədər cəlbedici və təhlükəlidir. Ancaq savaşda sizi yalnız bir dəfə, siyasətdə isə dəfələrlə öldürə bilərlər.

13. Mənim zövqüm olduqca sadədir. Ən yaxşı şeylərlə özümü məhdudlaşdıra bilirəm.

14. Mübahisədə son sözün sizin tərəfindən deyilməsini istəyirsinizsə, qarşıdakına "Yəqin, Siz haqlısınız" deyin.

15. İnsanlar bilmədikləri sirləri gözəl qoruya bilirlər.

16. Savaş günahsız insanların başqalarının maraqları üçün öldükləri bir hadisədir.

17. Həyatın ən böyük dərsi ondan ibarətdir ki, bəzən axmaqlar da haqlı ola bilirlər.

18. Bir milləti idarə etmək dörd övladı tərbiyə etməkdan asandır.

19. Biz möhtəşəm hadisələr və cılız insanlar dövründə yaşayırıq.

20. İkisi dalaşırkən üçüncüsü udur.

21. Bədbin insan hər imkanı çətinlik kimi, nikbin insan isə hər çətinliyi imkan kimi dəyərləndirir.

22. Hər hürən itə daş atsanız, mənzilə heç vaxt çata bilməyəcəksiniz.

23. Keçmişini unudan xalq gələcəyini də itirir.

Müsəllim Həsənov, jurnalist:

- BİLİRDİNİZMİ

...ki, 1980-ci ildə mənim jurnalistika fakültəsinə daxil olmağımda Ulu öndər Heydər Əliyevin xüsusi rolu və hətta köməyi olub?

1980-ci ilin isti bir iyul günüdür.

O vaxt Sergey Kirovun adını daşıyan Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinə sənəd verirəm. Cəmi 25 nəfər qəbul olunacaq, sənəd verənlərin sayı isə yüzlərlə...

Deməli, şansım o qədər də böyük deyil...

Əlimdəki qovluqla sənəd qəbulu otağına daxil oluram. Adını sonralar bildiyim Bəsirə xanım qovluğumu açıb gözdən keçirir və ondan bir qədər aralıda oturan tanımadığım kişiyə verir. O da qovluğu vərəqləyir və məni yanına çağırır.

O vaxtın qaydalarına görə, jurnalistika fakültəsinə sənəd verənlər həm də mətbuatda dərc edilmiş məqalələrini təqdim etməli idi. Mən hərbi xidmətdən təzəcə qayıtmışdım. Xidmət illərində isə rus dilində hərbi qəzetlərdə yazılarım çıxmışdı. Təbii ki, o yazıları qəzetdən kəsib qovluğa yığmışdım.

Məni kənara çəkən tanımadığım həmin müəllim o yazılardan birini götürüb göstərdi və dedi ki, bu məqalənin məzmununu rus dilində danış...

Danışdım...

Sonra ikinci məqaləni göstərdi...

Onun haqqında da məlumat verdim. Sonra üçüncü... və tanımadığım həmin müəllim, deyəsən, razı qaldı və qovluğumu Bəsirə xanıma qaytardı. O da sənədləri qəbul edib qəbz verdi və mən qəbul komissiyasının geniş otağını tərk etdim.

Amma...

Narahatlığım qaldı...

O kişi kim idi?

Məni niyə sorğu-suala tutdu?

Bu sorğu-sualın qəbula ziyanı ola bilərmi?

Suallar beynimi deşir...

Bir kənara çəkilib gözlədim. Tanımadığım kişi Bəsirə xanımın yanından harasa getdi. Dərhal ora yaxınlaşıb Bəsirə xanıma:

- Mən bayaq sənədlərimi verdim, amma bir narahatlığım var. O müəllim kim idi? Mənim rus dilində biliyimi niyə yoxlayırdı?

Bəsirə xanım deyə bilərdi ki, ay uşaq, çıx get, imtahana hazırlaş. Nəyinə lazımdır, kim idi, niyə soruşdu?

Bəsirə xanım belə demədi...

Dedi ki, həmin müəllim jurnalistika fakültəsinin dekanı Tofiq Rüstəmovdur. Bu günlərdə Mərkəzi Komitənin plenumu olub. Plenumda Heydər Əliyev deyib ki, Azərbaycanda ictimai-siyasi ədəbiyyatın tərcüməsi sahəsində ciddi problemlər var. Belə kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsini tapşırıb, bizim fakültəyə də həmçinin...

Bu sorğu-sual sənin xeyrinə ola bilər. Tofiq müəllim bilmək istiyirdi ki, bu yazıları rus dilində sən özünmü yazıbsan...

Universitetin binasından çıxıb indiki metro stansiyasına (o vaxt metro yox idi) tərəf getdim. Yolun kənarında kitab mağazası var idi, ora girib Mərkəzi Komitənin son plenum materiallarını 20 qəpiyə aldım. Elə mağazanın qabağında Heydər Əliyevin çıxışını oxudum və həmin abzası tapdım...

Həqiqətən ADU-nun jurnalistika fakültəsində tərcüməçi kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsi tapşırılırdı...

Onda qəbul olunmaq ümidim xeyli artdı...

Və qəbul olundum...

Dərs başlayanda isə qrup yoldaşlarımın çoxu radio-televiziya ixtisasına maraq göstərdiyi halda, mən Tofiq müəllimin təşəbbüsü ilə tərcümə qrupunu seçməli oldum...

Allah Tofiq müəllimə rəhmət eləsin...

Ulu öndərin bir məruzəsinin şəxsi həyatıma təsirini isə o vaxtdan unuda bilmir, növbəti doğum günündə bir daha onu hörmət və ehtiramla anır, Allahdan rəhmət diləyirəm...

Elxan Şahinoğlu, politoloq:

- Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirlərdən sonra Kremldə ayaqüstü mətbuat konfransında Ukraynaya qarşı müharibə və Yaxın Şərqdəki gərginlikdən danışarkən Ermənistanın Baş naziri Nikol Paşinyana da xəbərdarlıq mesajı göndərməyi unutmayıb. Kreml sahibi Paşinyanla son görüşündə ona söylədiyini bir daha təkrarlayıb: "Ermənistan Avrasiya İqtisadi İttifaqında üzvlüklə Avropa İttifaqına inteqrasiya kursu arasında seçim etməlidir". Ancaq Vladimir Putin bu dəfə mövzuyla bağlı iki əlavəsini də edib. Birincisi, Rusiya Prezidentinin sözlərinə görə, İrəvan Avropa istiqamətini seçəcəyi təqdirdə Rusiya ilə "yumşaq və mədəni ayrılıq" baş verəcək. İkincisi, Putin Paşinyana Ermənistanın Avropa inteqrasiyası məsələsiylə bağlı referendum keçirməyi təklif edib. Putin bunları deyərkən, erməni cəmiyyətinə də mesaj göndərib: "Ermənistan Avrasiya İqtisadi İttifaqında ciddi üstünlüklər əldə edib". Yəni Putin erməni cəmiyyətini xəbərdar edib ki, Paşinyan referendum keçirərsə və ermənilər Avropa İttifaqına inteqrasiya kursuna üstünlük verərlərsə, itirəcəkləri olacaq. Putin bunu açıq deməsə də, Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldıracağını da nəzərdə tutub.

Nikol Paşinyan parlament seçkilərində qələbə qazanarsa, ilk növbədə Konstitusiyanı dəyişdirib Azərbaycanla sülh sazişi imzalamaq və Türkiyə ilə sərhədin açılmasını və bu ölkə ilə ticarətin başlamasını təmin etməyə çalışacaq. Bununla paralel olaraq "Tramp yolu"nun tikintisinə başlanacaq. Əlbəttə, Nikol Paşinyan Rusiyanın yerinə Avropa İttifaqı ilə inteqrasiyanı seçmək istəyər, ancaq reallıq budur ki, İrəvan istəsə belə, Ermənistan qısa zaman kəsiyində Avropa İttifaqının üzvü olmayacaq. Bunu Paşinyan da anlayır, Putin də. Ona görə də, Putin "seçim et" tələbiylə Paşinyanı küncə sıxmağa və bu yolla Ermənistandakı radikal müxalifətin əlini gücləndirməyə çalışır.

Günel Musa, jurnalist:

- Həmkarımız efirdə müəllimlərə irad bildirib ki, niyə uşağa dərs prosesində yemək yeməyə icazə vermirsiniz. Sonra sözünü qüvvətləndirir ki, "dünyanın heç bir ölkəsində şagirdə dərs zamanı  yemək qadağası yoxdur". Mən bilmirəm Aytən xanım dünyanın 195 ölkəsinin neçəsində, neçə  məktəbdə dərs prosesində iştirak edib. Ancaq faktlar onun təxəyyülünün əksini deyir. Dünyanın bir çox ölkəsində məktəblərdə dərs zamanı yemək yeməklə bağlı ciddi qaydalar var və əksər hallarda şagirdlərin dərs əsnasında sərbəst şəkildə yemək yeməsinə icazə verilmir.

Məsələn, Yaponiyada məktəblərdə intizam və kollektiv davranış çox ciddi qəbul olunur. Yemək əsasən nahar vaxtında təşkil edilir, dərs zamanı yemək normal sayılmır.

Almaniya və Fransada da sinif daxilində yemək qəbul edilmir.  Böyük Britaniya məktəblərində çox vaxt "no eating in class" qaydası olur. Yalnız istisna hallara, məsələn, şəkər xəstəliyi, sağlamlıq problemi olanlara xüsusi yanaşılır.

Yəni "dünyanın heç bir ölkəsində qadağa yoxdur" fikri fakt olaraq həqiqəti əks etdirmir. Ən yaxşı halda demək olar ki, bəzi ölkələrdə və bəzi məktəblərdə daha elastik yanaşma mövcuddur. Ümumi götürdükdə isə uşaq niyə dərsin ortasında yemək yeməlidir ki? Evdən uşaqlarınızı yedizdirib göndərin. Başa salın ki, dərs zamanı yemək yemək etik deyil. Sinif restoran, bufet deyil. Uşaqlara elementar etik qaydaları aşılamaq əvəzinə müəllimi ittiham etmək yumşaq desək, mərifətsizlikdir.

Xaqani Səfəroğlu, jurnalist:

- Paşinyanın rəqiblərinin seçkidə ona qarşı mübarizədə əsas kozuru Qarabağdır.

Başqa arqument qoya bilmirlər.

Koçaryanın, Karapetyanın, Ter-Petrosyanın çıxışlarında adamın üzünə 35 il əvvəlin kəsif siyasi üfünətinin qoxusu vurur.

Katolikos Qaregin də bugünkü bəyanatı ilə bu xora qoşulub.

Bu şüarlar 35 il əvvəl Ermənistanı bataqlığa saldı.

Ermənistanda artıq tarixə qovuşmuş sovet etnik münaqişəsinin mirası üzərində qurulan seçki təbliğat masası sadəcə tragikomediyadır.

Bu kəsimin xəyali "Qarabağ" bağırtıları onları gerçək dünyadan uzaq salıb.

İlan ulduz görməsə, ölməz!

Fərid Pərdəşünas, texnobloger:

- Ötən ilin sonundan sonra yayılan qrip və viruslar sanki mutasiya edib. Mövsümi qriplər artıq əvvəlki kimi deyil. Nə dərman təsir edir, nə ağrıkəsici. Nə də əvvəlki inkubasiya dövrünü yaşayırlar. Həftələrlə bədəndə qalıb, süründürməçi vəziyyətə salırlar adamı. Bəlkə də statistikası aparılsa, xeyli sayda ölüm aktı da var. İnanmıram daxili xəstəliyi olanlar, rahat keçirib, bitirsin.

Bu viruslar niyə bu qədər təkamül keçirdi? Elm adamları hara baxır? Niyə daha güclü dərmanlar və antiviruslar yoxdur? Boş-boş süni intellekt şəkil çəkdi, musiqi bəstələdi, nə bilim nə.

Mən ChatGPT-yə ayda 20 dollar boşuna ödəyirəm belə çıxır. Sizdə vəziyyət necədir?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
525.az

1Mənbələr