AZ

Keçmişlə gələcəyi qovuşduran müasir xəzinə Şahanə Müşfiq yazır

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

Kitabxanalar insanın səssiz dostları olan kitablarla görüşdüyü, dərdləşdiyi, sanki zamanın ləngidiyi, bütün dünyanın bir anlıq susduğu möcüzəvi məkanlardan biridir.

Təəssüf ki, sürətlə yenilənən texnologiya günümüzdə kitabxanaların da rolunu bir qədər azaldıb, ekrana aludə cəmiyyət kitab səhifələrindən, kitabxana rəflərindən uzaq düşüb. "525-ci qəzet"in bu layihəsi oxucular, xüsusən tələbə-gənclər üçün vacib bir xatırlatma, yenidən kitabxana adlı doğma məkana üz tutmağa çağırış məqsədi daşıyır.

Bu gün kitabxanalar təhsil müəssisələrinin nəzdində də öz dəyərli ömrünü yaşayır. Əlbəttə, onların sakinləri daha çox tələbələr, müəllimlər və tədqiqatçılardır. Layihəmiz üzrə növbəti ünvanımız Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzidir (EKİXM). Burada həmsöhbətimiz Mərkəzin direktoru Cəmilə Əliyeva oldu. Cəmilə xanım əvvəlcə kitabxananın yaranma tarixindən söz açdı.

7000 kitabla başlayan tarix

Cəmilə xanımı dinlədikcə hiss olunur ki, ADU kitabxanası təkcə kitab fondunun deyil, həm də universitet tarixinin yaddaşıdır. Onun keçdiyi yol ölkənin ali təhsil sistemində baş verən dəyişikliklərlə paralel inkişaf edib.

"Kitabxana ilk dəfə 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kitabxanasından köçürülmüş təxminən 7000 kitab fondu və 4 əməkdaş ilə fəaliyyətə başlayıb. İlk illərdə kitab fondu həm Kitabxana Kollektoru vasitəsilə, həm də müxtəlif hədiyyələr hesabına zənginləşdirilib. 1950-ci illərdə kitabxana tələbələrin əsas tədris ehtiyaclarını ödəməyə çalışıb. Oxucuların sayı ildən-ilə artır, institutun əsas binasında və yataqxanalarda səyyar kitabxanalar təşkil olunub. 1959-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu ilə birləşdirildikdən sonra hər iki ali məktəbin kitabxanaları da birləşdirilərək yeni kitabxana yaradılır və Rəşid Behbudov küçəsi 134 ünvanında fəaliyyət göstərməyə başlayır.

1973-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə institutlar yenidən ayrıldıqda kitab fondu ixtisaslara uyğun şəkildə bölünür. Xarici dillərdə olan kitablar, eləcə də Azərbaycan və rus dillərində dərsliklər Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun kitabxanasında saxlanıldı. Bu dövrdə kitabxana əsasən xarici dillərin tədrisinə xidmət edən mühüm elmi-mədəni mərkəz kimi fəaliyyət göstərirdi.

2000-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun bazasında Azərbaycan Dillər Universiteti yaradıldıqdan sonra kitabxananın fəaliyyəti daha da genişləndirildi. Universitetin Təbriz küçəsində yerləşən yeni binasında kitabxana üçün geniş sahə ayrıldı və 2007-ci ildən etibarən fondun böyük hissəsi yeni, müasir oxu zallarına köçürüldü. Burada elektron xidmətlər, biblioqrafiya və informasiya şöbələri yaradıldı, müasir texniki avadanlıqlarla təminat gücləndirildi.

Cənab Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunan kitablarla pulsuz komplektləşdirilir. İndiyə qədər kitabxanamız bu yolla 7000 nüsxədən çox Azərbaycan və dünya yazıçılarının əsərlərini, folklor nümunələrini hədiyyə kimi alıb".

Elmi yaddaşın qoruyucusu

Söhbət əsnasında məlum oldu ki, EKİXM yalnız kitabların saxlandığı məkan deyil. Burada universitetin elmi irsinin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində də ciddi iş aparılır. Belə ki, kitabxana oxuculara hərtərəfli xidmət etmək məqsədilə elmi fəaliyyətlə də məşğuldur:

"2005-ci ildən başlayaraq respublika ali məktəbləri arasında ilk dəfə universitetimizdə işləyən əməkdaşların xaricdə və ölkəmizdə nəşr olunmuş əsərlərinin "Biblioqrafiya"sı hər il kitab şəklində çap edilir. Bundan əlavə, 1948-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dillər Universitetində işləmiş bütün əməkdaşların nəşr olunmuş əsərləri haqqında Azərbaycan və rus dillərində 2 cilddən ibarət Biblioqrafik göstərici çap olunub".

Çağdaş kitabxananın yeni missiyası

Bu gün universitet kitabxanaları təkcə çap kitablarının toplandığı məkan deyil. Rəqəmsallaşan dünyada onlar həm də elektron resurslara çıxış təmin edən böyük informasiya mərkəzlərinə çevrilir.

"Kitabxana illər boyunca formalaşaraq Azərbaycanda, çoxdilli, dərslik və digər materiallara görə ən böyük universitet kitabxanasına çevrilib. 2021-ci ildən Kitabxana şöbəsi Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi adı ilə fəaliyyət göstərir. EKİXM-nin əsas və ən mühüm məqsədlərindən biri tədris prosesinə informasiya dəstəyi göstərməkdən ibarətdir.

ADU EKİXM tələbələrə bir çox tədris materialları ilə yanaşı, həmçinin lazımi məlumatın əldə olunmasına yardım göstərəcək mütəxəssis məsləhətləri də təklif edir".

Strategiya, məqsəd və gələcək hədəflər

Söhbət zamanı Cəmilə xanım onu da vurğuladı ki, Mərkəzin fəaliyyəti yalnız bu günü deyil, gələcəyi də nəzərə alaraq qurulub: "Məqsədimiz oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə maarifləndirməni dəstəkləmək, universitetin informasiya ehtiyaclarını qarşılamaq, kitabxanada toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya sisteminin yaradılması məkanının liderliyini saxlamaqdan ibarətdir.

Mərkəzin strategiyası məqsədlərimizi həyata keçirmək üçün universitet çərçivəsində və xaricində əməkdaşlıq yaratmaq, kitabxana daxilində yenilik mədəniyyəti tətbiq etmək və xidməti hədəflərimiz, peşəkar inkişafa dair öhdəliyi artırmaqdır. Təhsil və tədqiqat, eyni zamanda sosial-intellektual əlaqələr üçün münasib görüş yeri kimi kitabxana imkanlarını genişləndirir".

"Hibrid kitabxana" modelinə doğru

Reportaj zamanı kitabxananın bugünkü fəaliyyətində diqqətimizi çəkən əsas məqamlardan biri ənənəvi və elektron resursların paralel şəkildə inkişaf etdirilməsi oldu. EKİXM müasir dövrün "hibrid kitabxana" modelini tətbiq etməyə çalışan əsas universitet kitabxanalarından biridir.

Cəmilə Əliyeva dedi ki, EKİXM hər bir fənn sahəsinə uyğun olaraq, ənənəvi və elektron resursları birləşdirərək "hibrid kitabxana" xidmətini təklif etməyi davam etdirəcək. Elektron resursların artımı, ənənəvi kitabxana resurslarının istifadəsinin və ya nəşrlərin eyni dərəcədə azalması ilə müşayiət olunmayacaq. Mərkəz daxili prosesləri asanlaşdırmaqla rəqəmsal resurslara girişi sürətləndirir və vaxtaşırı Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuyla əməkdaşlıq etməklə, akademik resurslara girişi təkmilləşdirir.

EKİXM-in strukturu və xidmət sahələri

Kitabxananın geniş fəaliyyət dairəsi onun strukturunda da öz əksini tapır. Müxtəlif şöbələr oxucuların həm ənənəvi, həm də elektron resurslardan rahat istifadəsini təmin etməyə çalışır.

Kitabxana Şöbəsi oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadəyə kömək edir, fondun qorunmasını həyata keçirir. Bununla yanaşı, oxucuların kitabxanaya yazılışını təşkil edir, oxucu qrupları üzrə xidməti həyata keçirir. Fondların komplektləşdirilməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir: Mərhələli şəkildə bütün fondun qeydiyyatı, oxucuların məlumat bazasının yaradılması, elektron kitab verilişi kimi mühüm proseslər işlənilir.

Kitabxananın daxilində yaradılmış müasir oxu zalları və elektron xidmətlər tələbələrin rahat istifadəsi üçün nəzərdə tutulub. Burada həm ənənəvi mütaliə mühiti, həm də rəqəmsal imkanlar bir araya gətirilir.

Oxu zalları bölməsində ensiklopediyalar, lüğətlər, məlumat sorğu kitabları, dərsliklər və s. ədəbiyyat növləri açıq rəf üsulu ilə yerləşdirilib. Eyni zamanda yeni alınmış ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil edilir. Oxucunun informasiya mənbələrindən  istifadəsinə kömək göstərmək, bələdçilik etmək, kitabxana texnologiyaları və kolleksiyaları haqqında istənilən anda təlimat verilir.

İnformasiya Xidməti və Rəqəmsallaşdırma şöbəsi universitet, respublika, beynəlxalq informasiya şəbəkəsinə informasiya resurslarına girişi təmin edərək oxuculara daha effektiv xidməti həyata keçirməyə imkan verir. Elektron xidmətin inkişaf etdirilməsinin zəruriliyi müasir kitabxanada baş verən dəyişikliklərlə əlaqələndirərək ehtiyac duyulan mövzular üzrə xüsusi arayışlarla da xidməti həyata keçirilir. Kitabxana Veb-səhifəsinin operativ yenilənməsi, Avtomatlaşdırılmış Kitabxana Sistemində əlavə və dəyişikliklərin fəaliyyətinə nəzarət, Rəqəmsal Kitabxananın yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işinin təşkili, Oxucu sorğusu ilə internetdə faydalı məlumatların və saytların axtarışının təmin edilməsi, Kitabxanada həyata keçirilən kütləvi tədbirlərin saytın "xəbərlər" blokunda təqdimatı, Biblioqrafiya informasiya resursların yaradılması və saytda yerləşdirilməsi işlərini həyata  keçirir.

Komplektləşdirmə və sistemləşdirmə bölməsi Elektron komplektləşdirmə, elektron kataloqlaşdırma, elektron tam mətnli məlumat bazaları yaratmaqla şöbədə işin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks olunması mərhələləri 2021-ci ildən Avtomatlaşdırılmış Kitabxana sistemi əsasında aparılır.

İstinad və araşdırma yardımı, kitabxana təlimatı, araşdırma məsləhətləşməsi, kolleksiya hazırlanması və materialların kolleksiyası, statistik biblioqrafiya adlanan bibliometrik araşdırmalarla elmin inkişafının araşdırılması, tədqiqatın qiymətləndirilməsi və kitabxana kolleksiyalarının idarə olunmasına tətbiq edilməsi kimi işlər Analitik İnformasiya xidməti bölməsinin iş prinsipinə daxildir. Bölmə elmi axtarışların təşkili, tədqiqatçılara metodiki yardım göstərilməsi ilə məşğul olur.

Cəmilə xanımın sözlərinə görə, bu struktur kitabxananın həm ənənəvi kitabxana funksiyalarını, həm də müasir informasiya texnologiyalarına əsaslanan xidmətlərini həyata keçirməsinə imkan yaradır.

Bu gün informasiya bolluğunun içində insanın doğru mənbəyə, etibarlı biliyə və sakit düşüncə məkanına ehtiyacı daha çox hiss olunur. ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi də həm ənənəvi kitabxana ruhunu qoruyaraq, həm də müasir texnologiyaların imkanlarından istifadə edərək bu missiyanı davam etdirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
525.az

1Mənbələr