AZ

Qısa videolar dopamin asılılığı yarada bilər Mütəxəssisdən XƏBƏRDARLIQ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Müasir dövrdə sosial media platformaları insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə "TikTok", "Instagram Reels" və "YouTube Shorts" kimi qısa video formatları informasiya istehlakı vərdişlərini dəyişdirərək diqqət, fokus və psixoloji vəziyyət üzərində müxtəlif təsirlər yaratmağa başlayıb. Bu mövzunun insan psixologiyasına təsirlərini daha yaxından anlamaq üçün Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov ilə həmsöhbət olduq. 

O, Redaktor.az-a bildirdi ki, "TikTok", "Instagram Reels" və "YouTube Shorts" kimi qısa video platformaları insanların diqqət mexanizmlərinə və uzunmüddətli fokuslanma qabiliyyətinə ciddi təsir göstərə bilir. Psixoloqun sözlərinə görə, burada əsas məsələ yalnız videoların qısa olması deyil, insanların ardıcıl şəkildə çox sürətli, diqqəti daim dəyişən və beyini davamlı stimul altında saxlayan məzmunlara məruz qalmasıdır:

"Aydın məsələdir ki, insan beyni təbii olaraq yeniliyə və təkrarlanan stimullara qarşı reaksiyalar verir. Qısa video platformaları isə öz istifadəçilərində bu xüsusiyyəti maksimum şəkildə istifadə edir. Bu tip platformalarda hər bir neçə saniyədən bir yeni görüntü, yeni emosional impuls, yeni informasiya təqdim olunur. Bu isə insan beynini davamlı olaraq yeni və maraqlı məzmun gözləməyə öyrəşdirir. Ona görə də, insanın diqqəti dərin və davamlı fokusdan daha çox qısa müddətli, tez dəyişən stimullara uyğunlaşmağa çalışır".  

Mirsadiq Muxtarov qeyd etdi ki, psixologiya elmi baxımdan diqqətin 4 əsas forması var.

"Bunlar fokuslanmış, uzunmüddətli, bölünmüş və seçici diqqətdir. Qısa video platformaları daha çox bölünmüş diqqəti aktivləşdirir. Yəni insan eyni anda bir çox şeyə diqqətini verməyə çalışır. Bu vəziyyət uzun müddət davam etdikdə məqalə oxumaq, hansısa akademik material üzərində işləmək və ya uzunmüddətli intellektual fəaliyyət zamanı diqqətin tez dağılmasına və fokusun qorunmasının çətinləşməsinə səbəb ola bilər.

Xüsusilə gənclər və yeniyetmələr bu təsirlərə daha həssasdırlar, çünki onların beynində qərarvermə, özünü idarə etmə və davranışa nəzarət edən mərkəz olan prefrontal korteks hələ inkişaf mərhələsində olur. Tədqiqatlar da göstərir ki, qısa videoların həddindən artıq izlənməsi diqqəti toplamaqda və davranışı idarə etməkdə müəyyən çətinliklər yarada bilir. Burada əsas məsələ bu platformaların mövcudluğu deyil, onların həddindən artıq və nəzarətsiz istifadəsidir. Ona görə ki, bəzən qısa videolar maarifləndirmə, məlumatın sürətli çatdırılması və yaradıcılıq baxımından faydalı ola bilir. Buna baxmayaraq insan beyni davamlı olaraq yalnız sürətli və qısa məzmunlara öyrəşdikdə, dərin düşünmə tələb edən fəaliyyətlərdə çətinlik çəkə bilər. Bu səbəbdən insanların gün ərzində kitab oxumaq, düşünmək, uzun söhbətlər etmək və diqqət tələb edən işlərlə məşğul olması da vacibdir. Bu cür fəaliyyətlər beynin diqqət və fokus qabiliyyətini qorumağa kömək edir, - deyə o vurğuladı.

Müsahibimiz hesab edir ki, davamlı və nəzarətsiz şəkildə qısa məzmunlara məruz qalma psixoloji və neyrobioloji baxımdan bir sıra təsirlər yarada bilər. Dediyinə görə, son illərdə aparılan araştırmalar göstərir ki, bu platformalar beynin mükafat sistemi ilə birbaşa əlaqəli işləyir və müəyyən hallarda davranış asılılığına bənzər mexanizmlər formalaşdıra bilir:

"Burada əsas rol dopamin adlı neyromediatora məxsusdur. Dopamin insanın motivasiya, həzz və gözlənti hissləri ilə əlaqəlidir. Qeyd olunan platformalarda istifadəçi hər “scrollling” (çevirmə) zamanı yeni və maraqlı məzmunla qarşılaşa bilər. Bu qeyri-müəyyən mükafat sistemi beyində davamlı gözlənti yarada və insanı platformada daha uzun müddət saxlaya bilir. Akademik olaraq desək, bu mexanizm psixologiyada “dəyişkən mükafat sistemi” kimi tanınır.

Digər önəmli məsələ də odur ki, davamlı sürətli stimul axını bir müddətdən sonra zehni yorğunluğa səbəb ola bilir. İnsan çoxlu informasiya qəbul etsə də, həmin informasiyanın böyük hissəsi beyin tərəfindən çox geniş, yəni detallı emal olunmur. Beyin fasiləsiz şəkildə yeni məzmun emal etməyə çalışdığı üçün koqnitiv yüklənmə yaranır. Ona görə də insanlarda diqqət dağınıqlığı, unutqanlıq, emosional yorğunluq müşahidə edilə bilir.  Maraqlısı odur ki, insanlar qısa videolar izlədikdən sonra bəzən özlərini daha da yorğun hiss etdiklərini bildirirlər. Bunun səbəbi isə beynin çoxsaylı sürətli stimullara məruz qalmasıdır". 

Mütəxəssis sonda yuxu keyfiyyəti məsələsinə də toxundu. O qeyd etdi ki, xüsusilə gecə saatlarında qısa video istifadəsi beynin sakitləşməsinə mane olur, emosional və koqnitiv aktivliyi yüksək saxlayır:

"Bu isə yuxu pozuntuları, səhər yorğunluğu və gün ərzində diqqət zəifliyi ilə nəticələnə bilir".

Aysu ORUCOVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
redaktor.az

3Mənbələr